Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

5 Avqust 2020 22:35

Beyrut limanında baş verən partlayış buğda dolu anbarları dağıdaraq Livan paytaxtının ərzaq təhlükəsizliyinə güclü zərər vurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, partlayış zamanı taxıl ehtiyatının 85 faizi limandakı anbarlarda olub. Nəticədə anbarlardakı buğda dağıntı qalıqları və torpaqla qarışıb. Livanın İqtisadiyyat və Ticarət naziri Raul Nehmenin sözlərinə görə, limandakı anbarlarda saxlanılan buğdanın hamısı istifadəyə yararsız hala düşüb. Həmçinin o, Livanda gündəlik tələbat üçün buğdanın yetərincə olduğunu bildirib.

Qeyd edək ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonunda bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını dağıdıb və ya zədələyib. Son məlumata görə, insident nəticəsində 100-dən çox insan həlak olub, 4 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, bir çoxu itkin düşüb, 300 min nəfər evsiz qalıb. Partlayışın ölkəyə azı 3 milyard dollar zərər vurduğu bildirilir.

Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub. Hökumət hadisə ilə bağlı ölkədə üç günlük matəm elan edib.

Milli.Az