Niyə test verib xaricə getmək mümkündür, rayonlara yox? - Rəsmi cavab

4 Avqust 2020 10:29

Rayonlara getmək məsələsində başqa məqamlar var ki, biz onu da nəzərə almalıyıq.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, epidemioloji vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılacaq.

"Burada əsas narahatlıq doğuran məqam ondan ibarətdir ki, ölkəmizin ən böyük şəhəri olan Bakıda yoluxma rəqəmləri regionlarla müqayisədə yüksəkdir. Gediş-gəlişin bərpası yoluxma sayının artmasına gətirib çıxara bilər".

Hikmət Hacıyev jurnalistin "xaricə test verib getmək mümkün olsa da, rayonlara gediş-gəliş niyə bu üsulla bərpa olunmur?" sualına cavab olaraq bildirib ki, məsələ aidiyyəti üzrə Operativ Qərargahın alt işçi qruplarında kompleks şəkildə müzakirə edilir:

"Testlə gediş-gəliş məsələsinə gəldikdə isə, burada başqa məqamlar var ki, biz onu da nəzərə almalıyıq. Regionlara səfərlər təşkil olunduğu halda burada böyük bir həcmdə, böyük bir sayda testdən söhbət gedir. Bu da mövcud laboratoriyaların imkanları xaricində ola bilər. İkinci bir məsələ xaricə gedən vətəndaşların testlərin pulunu özləri tərəfindən ödənilməsidir".

Qeyd edək ki, Azərbaycanda mart ayından etibarən rayonlara gediş-gəliş qadağan edilib. Yalnız xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin rayonlar və şəhərlərarası hərəkətinə icazə verilib.

Bəxtiyar Umarlı
Milli.Az