"ABŞ özü daxildə ictimai asayişi qorumaq üçün bu cür addımlara yol verir"

2 Avqust 2020 11:10

İyulun 28-də ABŞ-ın nüfuzlu "New York Times" qəzetində Nyu York şəhərində nümayişdə iştirak edən insanların mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ilə bağlı məqalə dərc olunub. Məqalədə videogörüntülər də əksini tapıb və bu maşınlar nömrəsiz olub. 

Bunu Milli.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, iyulun 28-də mülki geyimli polislərin vətəndaşları nömrəsiz maşınlara zorla otuzdurularaq məlum olmayan istiqamətə aparmaları digər bir insidentin üstünü açdı:

"Əslində, son dövrlər biz müşahidə edirik ki, ABŞ-da polis ilə vətəndaşlar arasında münasibətlər heç də ürəkaçan deyil. ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra, ümumiyyətlə, polis ilə vətəndaş arasında böyük ziddiyətlər, qarşıdurmalar var və bu qarşıdurmalar çox acı sonluqla bitdi. Kütləvi nümayişlər keçirildi və cəmiyyətdə polisə qarşı narazılıq fonunda müxtəlif fikirlər səsləndi, qanunvericilikdə dəyişiklilərin olması ilə bağlı təkliflər irəli sürüldü, Qeyri Hökümət Təşkilatları, Kütləvi İnformasiya Vasitələri, hüquq müdafiəçiləri polisin zorakı hərəkətlərini tənqid edən bir sıra çıxışlarla yadda qaldılar.

Digər tərəfdən iyulun 28-də mülki geyimli polislərin vətəndaşları nömrəsiz maşınlara zorla otuzduraraq məlum olmayan istiqamətə aparmaları da digər bir insidentin üstünü açdı. Əslində, ABŞ dünyada demokratiya, insan hüquqlarının carçısıdır və bu ali dəyərlərin təbliğatçısı kimi çıxış edir. Bu meyarlara uyğun olmayan dövlətlər siyahılaşdırılır, daha sonra onlara qarşı sanksiyalar tətbiq olunur və həmin dövlətlər arzuolunmaz dövlətlər siyahısına daxil edilir. Lakin ABŞ özü daxildə ictimai asayişi qorumaq üçün bu cür addımlara yol verir, digər tərəfdən sıravi, dinc vətəndaşlara qarşı bu cür zorakı hərəkətləri həyata keçirir".

Politoloq bildirib ki, ABŞ böyük KİV-lər, QHT-lər, beyin mərkəzləri vasitəsilə bütün dünyaya özünün bu sahədə etalon olmasını nümayiş etdirməyə çalışır:

"ABŞ öz daxili asayişini qorumaq üçün qanunvericilik çərçivəsini aşaraq mülki geyimli polislərdən istifadə etməsinə rəğmən digər dövlətləri bu cür hərəkətlərdə günahlandırır və belə hərəkətlərin yolverilməzliyinə çağırılır, amma bu dəfə ABŞ-ın özü bu cür fəaliyyəti ilə həm də dünyada tanınmış "New York Times" qəzetində çap olunan məqalə ilə hədəfə alındı. ABŞ öz siyasi-iqtisadi niyyətlərini böyük KİV-lər, QHT-lər, beyin mərkəzləri vasitəsilə bütün dünyaya özünün bu sahədə etalon olmasını nümayiş etdirməyə çalışır və bu sahədə təbliğatın həyata keçirilməsi üçün milyardlarla dollar vəsait ayrılır. Lakin, görünür, Corc Floyd hadisəsindən sonra ABŞ özü də ictimai asayişi qorumaq üçün zorakı tədbirlərə əl atmağa məcbur oldu və bu cür hadisələr bundan sonra kütləvi şəkildə təkrarlana bilər".

Təhməz Təkin
Milli.Az