Ermənistan Sorosun əlinə keçir

1 Avqust 2020 11:44

Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir.

Bunu Prezident İlham Əliyev Balakən regional "ASAN xidmət" mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub.

Aydın məsələdir ki, Ermənistanda baş vermiş "inqilab" Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və gizlətmirlər, bu, açıq bir ianədir.

"Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir. Ona görə bu gün Soros fondu açıq-aydın Ermənistan rəhbərliyinə 600 min dollar ianə verib", - İlham Əliyev söylədi.

Ermənistan indi amerikalı milyarder Corc Sorosun nəzarətindəki ölkəyə çevrilməkdədir. Sorosun təşkilatları ilə bağlı olanları isə ermənilər "Soros yetimləri" adlandırırlar. "Onların atalıqları Soros olsa da, ana vətənlərinin Ermənistan olduqlarını unudublar və dönüblər Sorosun yetimlərinə", - ermənilər deyirlər.

... Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən, daha doğrusu gətiriləndən sonra onun administraiyasında əsas yerləri əslən Macarıstandan olan amerikalı milyarder Corc Sorosun "Açıq Cəmiyyət" təşkilatı və "Soros Fondu"nun dəstəklədiyi qeyri-hökumət təşkilatlarının (QHT) mənsubları tuturlar.

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın devrilməsi ssenarisinin müəlliflərindən biri də elə Soros idi.

"Soros yetimləri" indi Ermənistan hakimiyyətində önəmli postlara yiyələniblər.

Məsələn, beynəlxalq "Transparency International" təşkilatının seçki proqramlarının sabiq koordinatoru Armine Qriqoryan hazırda Ermənistan Milli Təhlükəsizlik Şurasının sədridir. Dövlət Nəzarət Xidmətinin sabiq sədri David Sanasaryan isə bir zamanlar amerikalı Raffi Hovannisyanın başçılıq etdiyi aşkar Qərb yönlü İrs Partiyasının funksioneri idi.

Rusiyanın İrəvandakı səfirliyinin yumurta atəşinə tutulması aksiyalarının təşkilatçısı məhz D.Sanasaryandı.

Ermənistan İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın qardaşı Soros Fondunun ölkədəki idarə heyətinin sədridir.

Diaspora ilə İş Komissiyasının sədri ABŞ-ın Qlendeyl şəhərinin sabiq meri Zare Sinanyandır. Z.Sinanyan LGBT mənsublarının hüquqlarının aktiv müdafiəçisi kimi tanınır. Ermənistanda eyni cinsdən olan şəxslərin arasında nikahların qanuniləşdiriliməsinə çalışan və cinsi azlıqları təbliğ edən "Eguality Armenia" (ABŞ) təşkilatı buna görə Sinanyanı mükafata da layiq görüb.

Ermənistanın ədliyyə naziri, 27 yaşlı Rüstəm Badasyan isə Soros Fondunun ölkədəki nümayəndəliyinin rəhbəri Larisya Minasyanın fiqurudur. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin Ermənistana təyin etdiyi "korrupsiya və rüşvətxorluqla mübarizə üzrə xüsusi müşavir" amerikalı ilə sıx tərəfdaşlıq da Badasyana həvalə olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq sədri Artur Vanesyanın işdən qovulmasının səbəbi isə onun telekanallardan birinə müsahibəsində "Sorosun maliyyələşdirdiyi QHT-lər ölkəmiz üçün çox böyük təhlükədir" deməsi olmuşdu. Həmin müsahibədən sonra A.Vanesyan ciddi təqiblərə məruz qalıb.

Onun yerinə isə xüsusi xidmət orqanlarında bir gün də işləməmiş 29 yaşlı Argişti Kərəmyan təyin olundu. Həmin təyinatdan sonra xidmətdən onlarla əməkdaş istefa verdi.

Bu yaxınlarda isə Soros Fondu COVİD-19 koronavirus pandemiyası ilə mübarizə üçün Ermənistana 600 min dollar ayırıb. Əslində, yaxşı işdir - xüsusilə də Paşinyanın bivec rəhbərliyi və yarıtmaz idarəetməsi nəticəsində ölkədə koronavirusun tüğyan etməsini nəzərə alsaq.

Lakin Soros Fondunun postsovet məkanında yalnız Ukrayna və Ermənistana koronavirusla bağlı yardım etdiyini nəzərə alsaq, situasiya anlaşılan forma alır.

Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın siyasi və sosial həyatındakı olayları xatırlasaq, maraqlı situasiya formalaşır.

Son günlərdə "Soros yetimləri" daha da fəallaşıblar və anti-Rusiya meylləri daha da güclənib. Ermənistanın İctimai Televiziyasında son rusdilli proqram bağlandı, yerli yayım şəbəkəsində Rusiya telekanallarının translyasiyasının yasaqlanmasını nəzərdə tutan qanun qəbul olundu. Bütün bunlar azmış kimi, Rusiyanın qalmaqallı müxalifətçisi Aleksey Navalnının çıxışlarından biri Ermənistanın dövlət televiziyasında birbaşa nümayiş olundu.

Corc Sorosun Ermənistanın siyasətinə və xüsusilə də dövlət strukturlarına ifrat təsir imkanlarına etiraz edənlərsə cəzalandırılırlar.

Məsələn, aktiv anti-Soros mövqeyi ilə seçilən "Veto" ictimai təşkilatının fəalları sürəkli təqiblərə məruz qalırlar.

"Veto"nun təsisçisi Narek Malyan və "Adekvat" partiyasının tanınmış funksioneri Konstantin Ter-Nakalyan ilin əvvəlindən bəri dəfələrlə polis tərəfindən saxlanılıb, inzibati həbslər alıblar.

Ermənistanda Rusiyanın dövlət strukturları ilə yanaşı, özəl şirkətləri üçün də ciddi problemlər yaradılır. İş o yerə çatıb ki, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov son çıxışlarından birində bunu xüsusi vurğulamalı olub.

Corc Sorosun strukturları isə Ermənistanda günbəgün aktivləşir, fəaliyyət miqyasını genişləndirir. Sadəcə, bir fakt: C.Sorosun "Açıq Cəmiyyət" təşkilatının birbaşa göstərişləri və nəzarəti ilə ölkədə indi 63 təşkilat var.

Həmin QHT-lər mass-media, jurnalist araşdırmaları, siyasi tədqiqatlar, gənclər siyasəti, insan haqlarının müdafiəsi, iqtisadi islahatlar, bank və maliyyə sahələrinin monitorinqi, ordu quruculuğuna vətəndaş nəzarəti və s. sahələrdə fəaliyyət göstərirlər.

Ermənistandakı Slaq.am saytının redaktoru, politoloq Menua Harutyunyan LiveNews-un efirində bununla bağlı deyib: "Ruslar bizə söyləyirlər ki, siz dövlət sirlərindən agah olmağa birbaşa imkan verən vəzifələrə Sorosun yetirmələrini təyin edirsiniz. O sirlərin bizə də dəxli var, çünki Ermənistan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Üstəlik, Ermənistan Avrasiya İqtisadi Birliyinin də üzvüdür. Belədirsə, mühüm postlarda Sorosun yetirmələri nə edirlər? Nikol Paşinyan bəyəm anlamır ki, Sorosun adamları sirləri Qərbə ötürürlər? Üstəlik, bizə birbaşa dəxli olan sirləri. Ruslar haqlıdırlar, çünki Paşinyanın ətrafı Sorosun yetirmələri ilə doludur".

... Corc Soros iki il əvvəl Ermənistanın beynəlxalq təşkilatlar və transmilli korporasiyaların "dost məsləhətləri" ilə mövcudluğunun şərt olduğunu demişdi. Ermənistanın baş naziri Nikol Paşinyan həmin ssenarini həyata keçirməkdədir.

Elçin Alıoğlu
Milli.Az