"Rəngli inqilablar"ın xaç atası Corc Sorosun dəsti-xətti öz "yetirməsi"nin - Nikol Paşinyanın küçədən baş nazir kürsüsünə daşınmasında da özünü büruzə verdi. "Sorosun uşaqları" ən yaxşı bacardıqları işi - şantaj "texnologiyaları"nı işə salmaqla hakimiyyətə yiyələnməyi bacardılar.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu prosesdə, xüsusilə də kütləvi tədbirlərin təşkilində ən fəal rolu Soros Fondunun İrəvan ofisi tərəfindən maliyyələşdirilən "Restart" kimi gənclər və tələbə təşkilatları öz üzərilərinə götürdülər:
"Erməni ekspertlərinin, o cümlədən siyasi təhlilçi Ani Ovanisyanın və yazıçı-publisist Narek Malyanın sözlərinə görə, hazırda Baş nazir Nikol Paşinyanın parlamentdə təmsil olunan tərəfdarlarının arasında uzun illər boyu Soros Fondunun maliyyəsiylə yaşayan, fəaliyyət göstərən 14 deputat var. Bu, sadəcə, Soros Fondu ilə birbaşa bağlı olan deputatların say göstəricisidir. Fondla dolayısıyla əlaqəsi olan deputatların sayı isə daha çoxdur, təxminən 50 nəfərə yaxın..."
"Ermənistanın "küçə uşaqları"ndan ibarət hakimiyyətinə isti münasibətini Corc Sorosun özü də heç vaxt gizlətməyib. Belə ki, Corc Soros 2019-cu ildə sosial şəbəkələrdən biri vasitəsilə öz əlaltılarına ünvanladığı mesajda Ermənistanın vətəndaş cəmiyyətinə ciddi dəstək verilməsinin vacibliyini vurğulamışdı və bəyan etmişdi ki, bu dəstək Ermənistanın "demokratik bugünü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Soros öz mesajına rəhbərlik etdiyi Fondun rəsmi saytında yayımlanan "ABŞ siyasətini müəyyənləşdirən şəxslər Ermənistandakı demokratiyanı necə müdafiə edə bilərlər?" adlı məqaləni əlavə etməyi də unutmamışdı", - E.Mirzəbəyli deyib.
Ekspert xatırladıb ki, "Açıq cəmiyyət" (Soros) Fondu Ermənistanda 1997-ci ildən fəaliyyət göstərir. 2018-ci ilədək Fond tərəfindən 200-dən çox təşkilata 48 milyon dollardan artıq vəsait ayrılıb.
"Soros Fondunun maliyyələşdirdiyi bu təşkilatların çoxsaylı nümayəndələri hazırda Ermənistanda yüksək dövlət vəzifələrində təmsil olunurlar.
Ermənistanda Soros Fondunun vətəndaş cəmiyyətinin inkişafı istiqaməti üzrə proqramlarına görə məsul şəxs olan Sos Avetisyan Paşinyan hakimiyyətinin ilk dövrlərində Təhsil və elm nazirinin müavini vəzifəsini daşıyıb, hazırda isə "Mənim addımım" blokunun parlamentdəki təmsilçilərindən biridir", - ekspert bildirib.
E.Mirzəbəyli qeyd edib ki, hazırda Təhsil və elm nazirinin müavini vəzifəsini tutan Arevik Anapiosyan isə uzun illər boyu Soros Fondu tərəfindən maliyyələşdirilən təşkilata rəhbərlik edib və təkcə 2016-2017-ci ildə Fonddan 196 min dollar qrant alıb: "Ermənistan kimi bir ölkə üçün isə bu həddindən artıq böyük vəsaitdir...
Paşinyanın "Mənim addımım" blokundan parlamentdə təmsil olunan Qayane Abramyanın "Bərabər hüquqlar naminə" təşkilatının layihələrinə, Soros Fondu yenə də 2016-2017-ci illərdə 210 min ABŞ dolları vəsait ayırıb.
Fond tərəfindən maliyyələşdirilən çoxsaylı layihələrin rəhbəri olmuş Taqun Kazaryan da hazırda Paşinyan (Mənim addımım) blokunun parlamentdəki təmsilçilərindən biridir.
"Açıq cəmiyyət-Ermənistan" (Soros) Fondunun direktorlar şurasının sədri David Xaçatryanın qardaşı Sasun Xaçaturyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə rəhbərlik edir.
Paşinyan "inqilabı"nın mahiyyətinin açılması üçün bir məqamın da xüsusi vurğulanmasının vacibliyini düşünürəm. "İnqilab"dan 3 ay öncə Paşinyana və komandasına yaxın olan jurnalistlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin hazırlanmasına Soros Fondu 81 min ABŞ dolları ayırıb. Sorosun təlimlərindən çıxan 50 jurnalist və 75 ictimai fəal Paşinyan "inqilıabı"nın aparıcı ruporları funksiyasını yerinə yetiriblər.
Soros Fondu tərəfindən idarə olunan, Fonddan ümumilikdə 2 milyon ABŞ dollarından çox vəsait alan "Regional inkişaf mərkəzi"nin əlaqələndiriciləri və proqram rəhbərləri - Lena Nazaryan parlamentin vitse-spikeri, Araik Arutunyan təhsil və elm naziri, Liana Daltaxçyan - Baş nazirin aparatının, Sarxat Petrosyan Daşınmaz əmlak üzrə dövlət kadastrının rəhbəridir.
Bütün bunlar daha öncə qeyd etdiyim kimi, Soros Fondu ilə birbaşa bağlı olanların adlarıdır. Prinsip etibarı ilə Paşinyan da daxil olmaqla Ermənistan hakimiyyətində təmsil olunan bütün yüksək vəzifə sahibləri Corc Sorosun cüzdanından çıxıblar. Bu baxımdan, Ermənistana "Sorosun uşaqları"nın rəhbərlik etməsi işğalçı ölkənin özündə belə şübhə doğurmur..."
Aslan Məmmədov
Milli.Az