AXCP sədri, son illərdə bloqer olan Əli Kərimli bu dəfə yeni macəra yaşamaq istəyindədir. Hər halda, özü belə başa düşür. O, ABŞ-da yaşayan və AXCP sədrinin sözçüsünə çevrilmiş Sevinc Osmanqızının YouTube kanalında əl-qolunu ölçərək bəyan edib: "Şəxsən mənə və AXCP-yə qarşı nifrət var, qərəz var. Mənim Azərbaycanda, ümumiyyətlə, heç kəslə düşmənçiliyim yoxdur. Hakimiyyətə üzümü tutub deyirəm - əgər doğrudan da, sizin probleminiz Əli Kərimlidirsə, o zaman mən payızda istefa verəcəcəyəm.
Əli Kərimli istefa verəcəkmi postundan? Cavab çox sadə, bəsitdir - yox!
Payızda onun nə deyəcəyini indidən təxminləmək olar: "İstefa vermək fikrimdən daşındım, çünki bu hakimiyyətin, bu rejimin problemi mən deyiləm. İstefam heç nəyi dəyişməyəcək, əksinə partiyanı zəiflədəcək. İnsan haqları, demokratiya uğrunda mübarizədən geri çəkilmək olmaz".
Əli Kərimlinin son çıxışı, daha doğrusu veb-kamera qarşısında oturaraq isterik ifadələrlə zəngin xitabında başqa ilginc məqam da var.
AXCP sədri bəyan etdi: "Partiyamızın üzvləri tutulur, saxlanılırlar. Hakimiyyətə səslənirəm: onları buraxın, məni tutun".
Çağırışın absurdluğuna, təklifin marazmatikliyinə fikir verin.
Əli Kərimli, əslində, əla bilir ki, son bəyanatları bilavasitə kütləyə - xalqa yox, vətəndaşlara yox, məhz kütləyə - hesablanmış ifadələrdir.
O, nə postundan istefa verən deyil, nə də "onları buraxın, məni tutun" təklifi sərsəm olduğundan, heç bir halda ciddiyə alına bilməz.
Çünki iyulun 14-dən 16-nə keçən gecə Milli Məclis binasına soxulan, on minlərlə vətəndaşımızın orduya, Ali Baş Komandana və dövlətə dəstək yürüşünü elə dövlətə qarşı aksiyaya çevirmək istəməkdə şübhəli bilinən adamların kimlikləri bilinir.
Faktlar var, videoçəkilişlər var, fotolar var.
Həmin görüntülərin tam əksəriyyətini elə AXCP mənsubları böyük həvəslə və şövqlə sosial şəbəkələrdə paylaşıblar.
Belədirsə, nədən şikayətlənir Əli Kərimli?
Guya artıq sabiq müavini Fuad Qəhrəmanlı qızına və xanımına zorakılıq etdiyinə görə qalmaqalla üzləşəndə, rüsvay olanda Əli Kərimlidən istefa tələb olunurdu.
AXCP sədri o dönəmdə ironiya ilə gülümsərəyək demişdi: "Haradan istefa verim, 8 kvadratmetrlik otağımdanmı?"
Guya siyasi sarkazm nümayiş etdirməyə çalışan Kərimli, əslində, siyasi primitivzmlə bahəm, əsl kimliyini ortaya qoymuşdu.
O, var qüvvəsi ilə çalışırdı ki, F.Qəhrəmanlını müdafiə etsin: bu barədə başabəla "sədr müavini"nin xanımı Zümrüd Yağmurun belə, açıqlamaları var.
İlk əvvəl F.Qəhrəmanlıya haqq qazandırmağa can atan Əli Kərimli sonra hadisələrin episentrindən kənara çəkildi, müavinini, sadəcə, kağız üzərində istefaya yollamaqla problemi çözmüş kimi görünmək istədi.
Alınmadı - sosial şəbəkələrdə əməlli isteriyaya qapılan trollarının bütün cəhdlərinə, səylərinə rəğmən.
İndi yeni "macəra", yeni yalanlar, yeni absurd.
... Əli Kərimli Los-Ancelesdəki aksiyaya qatılmış soydaşlarımızı "vətənşüvən" adlandıran VətənTəpən Osmanqızının YouTube kanalında olarkən əməlli kazus yaşandı.
Ekranda iki Əli Kərimli vardı eyni zamanda. Biri qonaq otağında kresloda oturaraq əl-qolunu ölçərək danışırdı, digəri isə 8 kvadratmetrlik "tribuna otağı"nda, kitab rəflərinin önündə əyləşib dəhanından sürəkli nə isə irad edirdi.
Əli Kərimli bölünmüşdü, parçalanmışdı, ikiləşmişdi və ikiləşdiyi məqamda da küsüb istefa verə biləcəyini dedi.
Necə bir zavallı mənzərə...
Elçin Alıoğlu
Milli.Az