Almaniyanın keçmiş dövlət katibi Azərbaycanın fəxri konsulu oldu

21 Aprel 2010 19:20
Almaniya-Azərbaycan Forumunun sədri, AFR-in keçmiş dövlət katibi Otto Hauzer fəxri konsul təyin edilib.

Açılışdan əvvəl Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və fəxri konsul Otto Hauzerin iştirakı ilə mətbuat konfransı keçirilib. Səfir Almaniya ilə Azərbaycan, eləcə də iki xalq arasında sıx tarixi əlaqələrdən danışıb.

Mətbuat konfransının iştirakçılarına alman kolonistlərinin Yelenendorf (indiki Göygöl şəhəri) ərazisinə köçməsindən, Azərbaycan hökumətinin almanların qoyub getdiyi irsin qorunub saxlanmasına göstərdiyi qayğıdan, məsələn, Bakıda alman kirxasının, Göygöldəki alman memarlıq abidələrinin dövlət səviyyəsində mühafizə olunmasından, Azərbaycanda yaşamış almanlar barədə çoxlu kitabların nəşr olunmasından və s. danışıb.

Otto Hauzeri təqdim edən səfir iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, Azərbaycan reallıqlarının Almaniya ictimaiyyətinə çatdırılmasında onun rolundan söhbət açıb.

P.Şahbazov bildirib ki, bu gün Azərbaycan dinamik inkişaf edən ölkədir. Respublikada ÜDM-in sabit artımı müşahidə olunur. Bu isə xarici sərmayələrin yatırılması və birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Fəxri konsul demişdir ki, hazırda AFR-də 5000-ə yaxın azərbaycanlı yaşayır. Azərbaycan bir çox sahələrdə, ilk növbədə energetika sahəsində Almaniyanın mühüm tərəfdaşıdır. Hər iki ölkənin daha səmərəli əməkdaşlıq üçün geniş potensialı vardır və bu potensialdan istifadə olunmalıdır.

Mətbuat konfransından sonra fəxri konsulluğun açılışı olub. Açılış mərasimində səfir Pərviz Şahbazov, fəxri konsul Otto Hauzer, Baden-Byurtemberq federal vilayətinin dövlət naziri Ray Gelmut, "Energie-Gemeinschaft EnBW" şirkətinin idarə heyətinin üzvü Berhard Bek çıxış etmişlər. Mərasim iştirakçıları "Azərbaycanda yaşayan almanların izi ilə" filmindən fraqmentə tamaşa ediblər. Filmin ilk tamaşası mayın sonlarında Bakıda olacaq.

Tədbirin sonunda mərasim iştirakçıları üçün ziyafət təşkil edilib.

Azərbaycanın fəxri konsulluğu Ştutqartın lap mərkəzində, üzümlüklərlə örtülmüş mənzərəli təpənin ətəyində, Krigbergstrasse küçəsindəki "Energie-Gemeinschaft EnBW" biznes-mərkəzində yerləşir.

/AzərTAc/