Qurbanlıq qoyunların sifarişi neçə aparılacaq? - İZAH

28 İyul 2020 14:33

Hər bir vətəndaş online qaydada maksimum 5 qurbanlıq qoyun ala bilər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Mais Musayev bildirib.

O, qurbanlıq qoyunun hansı qaydada alına biləcəyi barədə də danışıb:

"Alıcılar satış yarmarkası ilə bağlı istifadəyə verilmiş saytda (http://www.qurbanliq.kendden.az/) "sifariş et" düyməsini klikləyərək, özü haqda və seçdiyi qurbanlıq qoyun haqda məlumatları daxil etməlidir:

vətəndaş şəxsiyyət vəsiqəsində göstərilən məlumatları uyğun xanalara daxil etməlidir;

mütləq şəkildə mobil nömrə yazılmalıdır;

elektron poçt ünvanı yerinə şəxsi mail yazılmalıdır (mütləq deyil)

Qurbanlığı götürmək istədiyi məntəqəni seçməlidir

Bunun üçün 10 məntəqə nəzərdə tutulub ki, onlardan 9-u Bakı şəhərində yerləşir, biri isə Sumqayıtdadır. Məntəqəni seçdikdə sonra, üç kateqoriyada qurbanlıq qoyun təqdim olunacaq. Vətəndaş qurbanlıq qoyunu çəki kateqoriyası üzrə seçir və maksimum 5 ədəd qurbanlıq ala bilər.

Bundan sonra sifarişi götürmək istədiyi tarixi seçir - bu 31 iyul və 1 avqust tarixləridir. Tarixləri seçdikdən sonra ona uyğun saatı da təyin etməlidir. İstifadəçi şərtləri və qaydalarını oxuyaraq onu təsdiq edir və "sifariş et" düyməsini sıxır. Vətəndaşın daxil etdiyi nömrəyə sms bildiriş kodu gəlir və o bu kodu yeni açılmış pəncərəyə daxil edir.

Bundan sonra vətəndaş ödəniş olunacaq xanaya keçid edir və burada ödəniş kartının kodlarını daxil etdikdən sonra 20 manat vəsait ödəyir. Bu vəsait avans kimi vacibdir. Lakin vətəndaş sifariş etidiyi qurbanlığı almasa, bu vəsait geri qaytarılmır".

M.Musayev əlavə edib ki, alıcı qurbanlığı məntəqədən gəlib aldıqda ona qoyunun içalatı və baş-ayağı da verilir və buna görə heç bir əlavə ödəniş tələb olunmur.

Milli.Az