İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyəcək
21 Aprel 2010 18:52
Oqtay Əsədov qonaqları salamlayaraq deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər, eləcə də Cənub-Şərqi Asiyada ən çox inkişaf etmiş ölkələrdən biri İndoneziya ilə əlaqələrin inkişafında maraqlıdır.
Azərbaycanın dinamik inkişafı, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən Milli Məclisin sədri bildirib ki, İndoneziya ilə iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün böyük imkanlar var: "Bu gün ölkələrimiz arasında ticarət dövriyyəsi 600 milyon dollardan yuxarıdır, bu rəqəmi daha da artırmaq olar. Bu günə qədər ölkələrimiz arasında 5 hüquqi sənəd imzalanmışdır, daha 21 sənəd isə baxılmaqdadır. İnanırıq ki, bu sənədlər də təsdiqləndikdən sonra münasibətlərimizin inkişafı üçün möhkəm hüquqi baza yaranacaq".
Milli Məclisin sədri ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində parlamentlərin də mühüm rol oynadığını, bu səfərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, problemin həlli ilə əlaqədar nümayiş etdirdiyi mövqeyə görə İndoneziya hökumətinə minnətdarlıq edib.
Pramono Anunq Vibovo deyib ki, ölkələrimiz arasında məsafə uzun olsa da, münasibətlərimiz çox yaxındır. Biz bundan istifadə edərək əlaqələrimizi daha da inkişaf etdirməliyik. Pramono Anunq Vibovo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziyanın mövqeyinin dəyişməyəcəyini vurğulamış və bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduqlarını bildirmişdir. O demişdir ki, İndoneziya parlamentində Azərbaycan, xüsusilə də Dağlıq Qarabağla əlaqədar xüsusi qrup yaradılacaq.
Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyevin də iştirak etdiyi görüşdə beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq, humanitar, mədəni, elm və təhsil sahələrində əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.