Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə onlayn təhsilə dair beynəlxalq vebinar keçirilib

27 İyul 2020 15:21

Bakı Ali Neft Məktəbi (BANM), İstanbul Texniki Universiteti (İTU) və  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə COVID-19 pandemiyası dövründə "Onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar" mövzusunda vebinar keçirilib.

Bakı Mühəndislik, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycan Turizm və Menecment İnstitutunun, Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının,  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rektorları, Təhsil Nazirliyinin rəhbər şəxsləri, eləcə də bir sıra ali təhsil müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər.  

"Zoom" platforması üzərindən təşkil olunan vebinara 200-dən çox iştirakçı qatılıb.

Tədbirdə ilk olaraq Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ərazisində qəhrəmanlıqla şəhid olan əsgər və zabit heyətinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Vebinarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi  Eden Mamut açılış nitqi ilə çıxış ediblər.  

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təşkilatçılar adından iştirakçıları salamlayaraq, vebinarın distant və onlayn təhsil sahəsində mövcud olan suallara cavab axtarılması və yeni təkliflərin meydana çıxması baxımından faydalı olacağına inandığını bildirib.

O qeyd edib ki, distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur. Buna görə də E.Qasımov təklif edib ki, həm təhsil verənlər, həm pedaqoji heyət daim öyrənməli, yeni texnologiyalar və tendensiyaları vaxtında tətbiq etməyi bacarmalıdırlar.

"Tələbələr bizdən yüksək təhsil gözləyirlər. Buna görə də vaxtaşırı belə tədbirlər, fikir və təcrübə mübadiləsi aparılmalıdır.  Bizim borcumuzdur ki, distant təhsili də ən yüksək formada təşkil edək. Bakı Ali Neft Məktəbində pandemiya dövründə qısa müddət ərzində onlayn və distant dərslərin, imtahanların uğurlu tətbiqi sayəsində təhsilin fasiləsizliyini təmin etmək mümkün oldu. Amma mövcud vəziyyət uzun sürərsə, biz yeni tədris ilindən daha mütəşəkkil qaydada distant təhsilə keçidi təmin etməliyik" - deyə rektor qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxışı zamanı bildirib ki, pandemiya dövrü distant təhsilə yeni hüquq verib. O bildirib ki, UNEC-də distant təhsillə bağlı işlərə 2016-cı ildə başlanılıb və 2 il ərzində hazırlıq işləri aparılıb. Bu müddət ərzində 20 min tələbəyə distant təhsil verə biləcək distant təhsil mərkəzi qurulub. 2018-ci ildə istifadəyə verilən mərkəz texnoloji baxımdan universitetə geniş imkanlar yaradıb.

Ə.Muradov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bütün universitetlər distant təhsillə bağlı "distant təhsil keyfiyyətsiz təhsildir"; "distant təhsil heç zaman Azərbaycanda tətbiq olunmayıb"; "tədqiqat institutları bu sahədə tədqiqat aparmayıb"; "distant təhsil üzrə pedaqoji heyət yoxdur" kimi ciddi əsası olmayan miflərlə üz-üzə qaldı. Buna baxmayaraq, Azərbaycanda müəllimlərin qısa zaman ərzində texnoloji bilikləri mənimsəməsi distant təhsildə heç bir problem yaratmayıb.

"Mən deyərdim ki, distant təhsil universitetlər arasında sərhədləri aradan qaldırdı. Distant təhsilin qüsuru isə sosiallaşma ilə bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsidir. Distant təhsilin onlayn olmayan formaları da var. Amma biz bu haqda düşünmədik və bu, bizə ciddi problemlər yaradır. Belə ki, bu, müxtəlif vaxt qurşaqlarında yerləşən ölkələrdəki əcnəbi tələbələrin universitetlərə qəbulunu mümkünsüz edir. Distant təhsil universitetlər arasında sərhədləri aradan qaldırır və tələbələr başqa universitetlərin dərslərini rahatlıqla dinləmə imkanı əldə edirlər. Bəs belə olan halda tələbələr kütləvi olaraq yerli universitetlərdən uzaqlaşarsa, nə baş verə bilər? Əsas sual budur" - deyə E.Muradov vurğulayıb.

UNEC rektoru distant təhsilin bahalı təhsil olduğunu, bunun da ən son texnologiyaların tətbiqi, texnologiyaların və proqram təminatlarının çox sürətlə yenilənməsi ilə əlaqəli ortaya çıxdığını bildirib. O, eyni zamanda distant təhsildə virtual laboratoriyaların, dərsliklərin alınmasına, müəllimlərin mütəmadi şəkildə təlimlər keçməsinə ciddi ehtiyac olduğunu və bunun üçün də investisiya tələb olunduğunu qeyd edib. Ə.Muradov çox vaxt universitetlərin bu imkana malik olmadığını da dilə gətirib.

İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca isə çıxışı zamanı bildirib ki, pandemiya ümumilikdə dünyanı dəyişib. Onun sözlərinə görə, artıq bir çox dünya universitetləri təhsili onlayn davam etmək niyyətindədirlər. "Boston, Harvard, Kembric kimi aparıcı universitetlər bu ilin sonunadək, hətta gələn ilin əvvəlində də təhsilə onlayn davam etmək qərarını verib. Böyük ehtimalla Tükiyədə də ən pis halda bu ilin sonuna qədər onlayn təhsilə davam edəcəyik. Bir məqamı qeyd edim ki, onlayn təhsildə bəzi sahələr çox önə çıxacaq, bəzi sahələr isə ortadan qalxacaq. Belə bir radikal düşüncə var ki, valideynlər 4 illik təhsilin lazımsız olduğunu düşünməyə başalaya bilərlər. Sadəcə sertifikatlarla iş sahibi ola bilmə ehtimalı üstünlük qazana bilər".

M.Karaca 150 illik tarixi olan İTU-nun distant təshilə 5 il əvvəl başladığını xatırladıb. Ninova Təhsil Mərkəzinin qurluması ilə sinxron təhsilə keçid baş verib, 6 apreldən etibarən isə distant və onlayn təhsilə başlanıb. Bu müddət ərzində 26 milyon tələbə dərsləri təqib edib, 1,5 milyon dəqiqə sinxron təhsil verilib.

İTU rektoru qeyd edib ki, internet bağlantısı problemi olan tələbələr üçün yenidən səbəb imtahanları təşkil edilib. Bundan başqa, Yay Məktəbinin müddəti 5 həftəyə endirilib, kredit sayı azaldılıb.

Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi  Eden Mamut bildirib ki, rəhbərlik etdiyi təşkilat  120 universiteti birləşdirir. Şəbəkənin üzvləri arasında Avropa Birliyi və Avrasiya regionundan universitetlər var. Bu baxımdan o hesab edir ki, Qara Dəniz Universitetləri Şəbəkəsi distant təhsildə körpü rolunu oynaya bilər.

"Pandemiya dönəmində distat təhsillə bağlı çoxlu sayda belə konfranslar keçirildi. Diqqətinizə çatdırım ki, Amerika və Avropadan olan professorlar da bu gün burada deyilən problemləri ortaya qoyur. Nə qədər texnoloji inkişafa malik ölkələr olsalar da, heç bir universitet distant təhsilə tam hazır deyildi və hələ də hazır deyil. Çünki hibrid sistemi ortaya çıxır ki, bu sistemin də haradan başlayıb, haraya gedəcəyini heç kim bilmir. Buna görə də texnologiyalardan istifadə edərək yeni formalar düşünməliyik".

Bundan başqa, Baş katib zəruri ehtiyac duyulan sahə və ixtisas üzrə Qara dəniz regional magistr proqramının yaradılmasını təklif edib.

Daha sonra İstanbul Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Fuat Aydın, Elm və tədqiqat işləri üzrə prorektoru Alper Ünal, İnformasiya texnologiyaları Mərkəzinin müdiri Cüneyt Tantu məruzəçi qismində təqdimatla çıxış ediblər.

Vebinar sual-cavabla yekunlaşıb.

Milli.Az