Araz Abdullayev: "Öz oyunumdan həmişə narazıyam"

21 Aprel 2010 20:17
"Bakı" ilə oyuna daha həvəslə çıxacağıq, çünki ötən tur qələbə qazanmışıq".

Milli.Az-ın verdiyi xəbərə görə, bu sözləri "Neftçi"nin futbolçusu Araz Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib.

18 yaşlı yarımmüdafiəçi U-19-un heyətindən yenicə qayıdıb. O, Türkiyədə keçirilən Avropa çempionatının elit raundunda yığmamızın uğursuzluğa düçar olmasının səbəblərini açıqlayıb: "Rəqiblərimiz çox güclü idi. Bundan başqa, heyətdə itkilər olduğundan, tam gücümüzlə mübarizə apara bilmədik. Nəticədə final mərhələyə yüksələ bilmədik. Öz oyunumdan isə razı qalmadım. Ümumiyyətlə, mən həmişə özümdən narazı qalıram ki, qoy kənardan baxanlar oyunuma qiymət versinlər".

Rusiyanın "Rubin", İngiltərənin "Everton" və digər klubların transfer siyahısında yer alan Abdullayev Unibank Premyer Liqasında növbəti oyuna hazır olduğunu söyləyib: "Türkiyədə çətin matçlara çıxmağımıza baxmayaraq, "Bakı" ilə qarşılaşmaya hazıram. Əlbəttə, derbidə forma geyinib-geyinməyəcəyim baş məşqçidən asılıdır. İnanıram ki, hazırda komandada hökm sürən yüksək əhval-ruhiyyə "Bakı" ilə görüşdən sonra da davam edəcək".

Milli.Az