Hərəyə bir erməni səsi alaq!

29 Aprel 2010 09:46
Bu bir səs neçə vaxtdır dünyanı bir-birinə qatıb. O səsin hardan gəldiyi məlum olmasa da, damarında türk qanı axan hər kəs onu batırmağa, yerli-dibli yox etməyə hazırdır. O səsi boğmaq lazımdır. Amma alınmır. Niyə alınmır? Çünki o səs ermənilərin səsidir və onlar o səsi o qədər yazıq, ciliz formada və nimdaş geyimdə çıxardırlar ki, dünya onlara inanır, başını sığallayıb yağlı əppək verir. Bizim altımızda isə "Hummer", ən son model "Mercedes" və "BMW" olsa da, səsimiz Avropaya, dünyaya gedib çatmır. Biz ancaq maşınımızın "qluşitel"ini deşirik ki, səsi bərk çıxsın, nərildəsin və gecələr küçələrdə avaralanıb, yatanları oyadaq, xəstələri narahat edək, yaxşı söyüşlər eşidək.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Alt Komitəsi qondarma "erməni soyqırımı"nı tanıyanda bu məsələnin lehinə səs verənlər əleyhinə çıxanlardan cəmi bir səslə öndə oldular. Bunun ardınca, İsveç parlamenti də qondarma soyqırımı layihəsini bir səs fərqi ilə qəbul etdi. İsveç parlamentinə baxanda, ABŞ Konqresi hələ bu məsələyə tam "hə" deməyib. Ona görə ki, bu qurumun iki komitəsi var, biri altdadı, biri üstdə. İndi mən durub deyə bilmərəm ki, bunlara niyə belə ad qoyublar - alt komitə - üst komitə. Amma açıq görünür ki, bunun hamısı təzyiq vasitəsidir. Məsələn, konqresmenlər hansısa bir problemi, məsələni gözə soxmaq üçün onu əvvəlcə alt palatada müzakirə edirlər. Kimsə geri çəkilməsə, iş qalxır üst palataya. Orda da nəsə alınmasa, onda məsələyə konqres özü baxır. Belə olan halda kimsə qorxub geri çəkilir, ya da ABŞ-la kəllə-kəlləyə gəlir. Ona görə də, indi çoxları işi gedib elə altda həll eləyir ki, üstə çıxmasın. Onu da demək lazımdır ki, İran prezidenti Mahmud Əhmədinejad üçün palatanın altda və ya üstdə olmasının heç bir fərqi yoxdu. Bu kişi həmişə söhbəti elə fırladır ki, amerikanlılar özləri günahkar çıxırlar. Onun üçün bir və ya bir neçə səsin əhəmiyyəti yoxdur. Amma bizim üçün var.
Ermənilərin qondarma "soyqırımı" layihəsi bir səs çoxluğu ilə iki qurumdan keçdi. Çoxları başa düşdü ki, bu bir səs hardan çıxdı. Lakin dünyanın düzəni belədir ki, biz səs gələn tərəfə yox, it hürən tərəfə qaçırıq və belə də elədik. Düşdük amerikanlıların və isveçlilərin üstünə və axırda bu qərara gəldik ki, dünya bizi dolayır. Özü də bir səslə. Həm bir səslə, həm də bir sözlə. Mən bu bir sözün nədən ibarət olduğunu indi deyəcəm.
Bizim tariximiz hamıya məlumdur. Ermənilər 1915-ci ildə "soyqırıma" məruz qaldıqlarını iddia edirlərsə, biz 1905-ci ildən ermənilər tərəfindən talan olunmuşuq, qırığına, soyqırıma məruz qalmışıq. Bakıda, Qubada, Şamaxıda 1918-ci ildə baş verən qırğının canlı şahidləri hələ də yaşayır. Bizimlə yanaşı, yəhudi və digər etnik xalqların nümayəndələri də erməni gülləsinə tuş gəlib. Amma meşədə sərbəst gəzən bu çaqallar özlərini elə aparır ki, elə bil tarix boyu onların əli heç türk qanı axıdılmayıb. İndiyə qədər yer üzündə erməni əli ilə nə qədər insan qanı tökülüb, bunun dəqiq göstəricisini bütün dünyaya sübut etmək mümkün olsaydı, qondarma "erməni soyqırımı"nı əlində bayraq edənlərin heç səsi çıxa bilməzdi, yada yarıda qırılıb qalardı.  
Bütün bunların hamısı faktdır. Beynəlxalq aləm isə bunu görmək istəmir. Çoxları deyir ki, bu faktları xaricilərə onların öz dillərində çatdırmaq lazımdır. Biz bunu da eləmişik. Amma dünyanın başbilənləri bu faktları görmür və ya gözünü qıyıb baxır. Dünyada qəbul olunmuş ortaq dil ingilis dilidir. İndi deyirəm bəlkə, biz beynəlxalq aləmə "fakt" sözünü daha ucadan deyək. Birdən eşitməsələr, onda bir çıxış yolu var; gərək "fakt" sözündəki "t" hərfini silək və daha ucadan deyək. O zaman onlar bizi həm eşidəcək, həm də başa düşəcəklər.

İndi qayıdaq görək bu bir səs nə mənə olan şeydir. Düz iki dəfə bu bir səs bizi yerimizdən oynatdı. Sonradan eşitdim ki, bizim millət vəkillərimizdən birinin səsi Avropanı silkələyibmiş. Bu deputatımızın bir səsi Avropa Şurası Parlament Assambleyasının baş katibi Mövlud Çavuşoğlunun bu posta seçilməsində həlledici olub. Azərbaycan nümayəndə heyəti AŞPA-nın binasını tərk edəndən sonra seçki keçirilib və millət vəkilimizi nəsə bir hiss yenidən o binaya qaytarıb və bununla da Mövlud bəy 47-nin 46-ya nisbəti ilə AŞPA sədri seçilib.

P.S. Bu yaxınlarda bir erməni qadınla internetdə danışarkən o mənə maraqlı şeylərdən danışdı. Onun türkcə danışmağı maraqlı göründü və məlum oldu ki, bu da türklərə qarşı "dədə-baba torpağı" iddiasında olan bir ermənidir. Amma bu erməni bizim "Avrovizionda" ifa olunacaq "Drip-drop" adlı mahnımızdan çox xoşlandığını dedi və atasının qəbrinə and içdi ki, həmin mahnıya bir səs verəcək. Keçən il də belə olmuşdu, Ermənistanda Azərbaycana səs verənlər var idi, bu il də bir səsi mən qoymuşam ermənilərin boynuna. Amma o biri səslərdən fərqli olaraq, bu dəfə səsin haradan gəldiyini biz bilirik. Gəlin, hərəyə bir erməni səsi alaq!

Elməddin Muradlı
Milli.Az