Elməddin Cəfərov: "Bilirəm, indi bütün aktyorlar mənə qarşı hücuma keçəcəklər"
30 Dekabr 2011 09:30
Aktyor Elməddin Cəfərovun Milli.Az-a müsahibəsi.
- Yeni ildə "Bacanaqlar" serialında daha hansı yeniliklər planlaşdırılır?
- Yanvar ayından "Bacanaqlar"da yeni simalar olacaq. Bəlkə də çoxlarının mənimlə birgə görmək istədikləri insanlar ola bilər.
- Söhbət "Tək səbir" kollektivindən gedir?
- Ola bilər. Beş ildən sonra yenidən "Tək səbir" heyətinin birlikdə görünməsi maraqlı olar. Ona görə də bəzi təkliflər var, həm bizim üçün maraqlıdır, həm də mənə elə gəlir ki, insanlar üçün maraqlı olacaq.
- "Bacanaqlar"da bir çox xalq, əməkdar artistlərimiz çəkiliblər. Daha kimləri görə biləcəyik?
- Bizimlə əməkdaşlıq etmək istəyən və bizim əməkdaşlıq etmək istədiyimiz xalq artistlərimiz çoxdur. Sadəcə olaraq, ortada maddi problemlər var. Çünki insanın sənətinə görə gərək ona maddi qiymət də verəsən. Mən xalq artistinə və sıravi aktyora eyni miqdarda pul verə bilmərəm. Çünki biri bu sənətə ömrünü verib, o biri təzə başlayır. Ona görə də indi imkanımız çatdığı qədər - yəni, 3 nəfər xalq artisti, 2-3 əməkdar artist, 10 nəfər də "həvəskar" artistlə işləyirik (gülür).
- Bəs serialın mövzusunda hansısa dəyişiklik gözlənilir?
- Bəzən insan işi görə-görə öyrənir. Əvvəl mövzuları seçəndə çalışırdıq ki, bəzi şeylər örnək olsun. Bunu isə insanlar nədənsə başa düşmürdülər. Sonradan bir az dünya, türk, rus seriallarına baxdıq və örnəyi necə vermək lazım olduğunu gördük. Bildik ki, birbaşa demək olmaz. Məsələn, "xəyanət etmək olmaz" demək yox, xəyanəti göstərmək lazımdır. Tale başqa qadınla "gəzir". Bu xəyanətin nəticəsini göstərəndə camaat başa düşür ki, həqiqətən, xəyanət etmək olmaz. Və yaxud araq içmək olmaz. Belə olanda verdiyin örnəyin bir xeyri dəyir. Əslində, yanvardan bu sistemə keçirik. Ümumilikdə isə, serialın tərkibi, musiqi, dekorasiya və s. dəyişəcək. Amma əsas qəhrəmanlar böyük ehtimalla dəyişməyəcək.
- Tamaşaçını güldürmək üçün hər şey edərsiniz?
- Yox. Tamaşaçını güldürmək üçün mən onun özünü oynayıram. Onun hərəkətlərini özünə göstərirəm. Amma hər etdiyini də yox. Bəzən onların etdikləri gülməli görünsə də, əslində acınacaqlı, ağlamalı bir şeydir. Həmişə nəzərə alıram ki, bizə özümüzünkülərdən başqa, o biri ölkələr, millətlər də baxır. İstəmirəm efirdən bizim bütün eyiblərimizi görsünlər.
- Əgər "Tək səbir" olmasaydı, bu gün populyar olmaq üçün nə edərdiniz?
- "Tək səbir" olmasaydı, mən ilahiyyatçı olacaqdım. Filologiyanı bitirib, ilahiyyat fakültəsinə hazırlaşırdım. Ortada bir ayın söhbəti oldu. "KVN"də (Şən və Hazırcavablar Klubu - red.) də var idim, amma meylim daha çox dini təhsilə idi. Elə oldu ki, bu işim ondan tez alındı. Yəni qismət. Yüzdə yüz bu sahəni istəmirdim, yəni populyar olmaq ən böyük arzum olmayıb.
- Bir yumorist kimi özünüzü qiymətləndirsəniz, neçə bal verərdiniz?
- 10-luq balla götürsək, 5 bal yarım. Bir ay əvvəl bu sualı versəydiniz, deyərdim, 8 bal (gülür). İndi 5,5 deyirəm. Hərdən gecələr eyvana çıxıb fikirləşirəm ki, mən yeni nə edim? İnsanlara görə yox və ona görə də yox ki, mən yeni nəsə etmək istəyirəm. Fikirləşirəm ki, əgər bu istedad mənə verilibsə, bu, üç-dörd, yaxud da iyirmi hərəkətdən ibarət ola bilməz. Allah bir şeyi insana verirsə, onu tam verir. Allah yaratdığını mükəmməl yaradır. Sadəcə olaraq, sən onu özün özündə tapmalısan. Özümə sual verirəm ki, "Elməddin, sən daha nə bacarırsan, başqa nə edə bilərsən?" Axı bundan o tərəfə çox şeylər olmalıdır səndə.
- Bəs aktyor kimi?
- Bir az yekəxanalıq çıxacaq... (gülür). Aktyor kimi - 6. Yəni, 5-dən yuxarı qiymət verərdim. İşlədiyim aktyorlara baxıram. Onların sırasında Akademik Milli Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar, İrəvan teatrlarından aktyorlar var. Kino aktyorları ilə də işləyirəm. Onların bir səhnəni yaratma sürətinə, alınan keyfiyyətə baxıram. Tez-tez tamaşalara baxıram, kulis arxasına da keçirəm. Baxıram ki, bəzi şeylər keçmişdə qalıb. Vaxt var idi, türk filmlərinə gülmək üçün baxırdıq. Çünki o zaman bizim "Arşın mal alan", "O olmasın, bu olsun"umuz var idi. İndi türklər filmdə də, serialda da bizi keçiblər. Bilirəm, indi bütün aktyorlar mənə qarşı hücuma keçəcəklər (gülür). Vallah, incisələr də, inciməsələr də, deyəcəm - aktyorlarımız özlərini inkişaf etdirmirlər.
- Söhbət keçmiş, yoxsa yeni nəsil aktyorlardan gedir?
- Köhnə nəsildə küskünlük var. Köhnə nəsil bir şeyi başa düşmür. Məsələn, "Əhməd haradadır?" filmini deyək. Orada Siyavuş Aslan kimdir? Cavan oğlan. İşlədiyi kimlərdir? Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, o dövrün korifeyləri. Filmdə neyləyiblər? Siyavuşu və onun kimi bir neçə cavan aktyoru korifeylərlə bir yerə salıb, camaata təqdim ediblər. "Ulduz" filmində də "əjdahalar" və yenə də cavanlar. Bu, bir məktəb idi.
Amma indi bir ağsaqqal filmə dəvət alanda deyir, filankəslər varsa, mən çəkilmirəm, cavanlar olmayan yerə mən gəlmirəm. Gizlətsək də, yaşlı aktyorların 90 faizində bu var. Və həmin o filmə də razılaşanda, kiməsə nəsə öyrətmək üçün yox, hansısa məbləğə görə razılaşırlar. O da normal məbləğdirsə, qəbul etmir, yüksəkdirsə, gəlirlər. Allah köməyin olsun, bir iz qoy də... Sən televizora çıxıb mikrofonu əlinə alan kimi kimisə baltalaya, tənqid edə bilərsən. "Filankəsi görürsünüz, ondan heç vaxt aktyor olmayacaq", "Filankəsdən heç vaxt rejissor olmayacaq", "Filankəsdən heç fəhlə də olmayacaq" deyə bilərsən. Amma bu sənə nə verəcək? Ondansa sən də tələbələrini, sənətdə qoyduğun izi göstər.
- Oğlunuzu da serial biznesinə qoşmusunuz. Aktyor olsun, yoxsa populyar olsun deyə?
- Həkim olmağını istəyirəm. Oğlumu seriala çəkməyimiz tam təsadüf oldu. Çəkiliş günü oğlumun roluna çəkilən uşaq kameraları gördü, ağladı, yerinə gələn uşaqlar da mənə "Tale əmi", "Elməddin əmi" dedilər. Bizə mənə "papa" deyən uşaq lazım idi. Rejissorumuz Ramin Hacıyev və aktyor Tərlan təklif etdilər ki, oğlumu çəkək. Həmin gün axırıncı gün idi deyə razılaşdıq, çünki başqa variant yox idi.
- Onda bu fikirlə razı deyilsiniz ki, sənətçinin də övladı mütləq sənətçi olmalıdır?
- Yox, qətiyyən razı deyiləm. Atam traktorçudur, fəhlədir. Qardaşlarım bizneslə məşğuldurlar, mən isə aktyoram. Yəni heç birimiz traktorçu olmadıq. Amma bizim üçün o peşə ən şərəfli peşədir. Çünki mən o traktorçunun puluyla böyümüşəm. İnsana iki şeydə azadlıq vermək lazımdır - sevgidə və sənətdə. Sevdiyin insanla ailə qurmaq mütləqdir. Sən onunla sözün əsl mənasında bir ömür yaşayacaqsan. Sizdən bir nəsil olacaq. Aranızda sevgi yox, nifrət, ya da məcburiyyət olsa, bir tayfanı, bir nəsli bədbəxt eləyəcəksiniz.
Aytac
Milli.Az