Düşmənlərin hamısı susduralacaq

16 İyul 2020 17:01

Hər il olduğu kimi, bu dəfə də dövlət başçımız plan üzrə altı ayın sosial-iqtisadi yekunlarının müzakirəsinə həsr olunmuş iclas keçirdi. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclas ölkə ilə bahəm, Azərbaycandan kənarda da geniş əks-səda doğurub.

Dövlətin başçısının dövlətə və millətə xitabı, eyni zamanda qarşımızda duran vəzifələrə həsr olunmuş toplantı idi bu iclas.

Görülmüş işlərdən, buraxılmış nöqsanlardan danışıldı, onlar təhlil olundu. Eyni zamanda Nazirlər Kabinetinin gələcək fəaliyyəti ilə bağlı atılacaq praktiki addımlar bəlirləndi.

Çünki həyat yerində durmur, dəyişir. Ölkənin üzləşdiyi situasiya, çağırışlar fərqlənir və bu səbəbdən də zəruri korrektələr, düzəlişlər vacibdir, mütləqdir və qaçılmazdır.

Prezident İlham Əliyevin iclasda çıxışının əsas hissəsi təbii ki, son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan olaylarla bağlı idi. Daha doğrusu, Ermənistan tərəfinin aqressiyası, mövqelərimizi artilleriya atəşinə tutaraq hücuma keçmək cəhdi barədə.

Olayların axarına bir daha nəzər salaq. İyulun 12-də Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş rayonundakı mövqelərindən minatanlardan, toplardan, reaktiv artilleriya qurğularından və iriçaplı pulemyotlardan mövqelərimiz ağır atəşə tutulub. Bu gözlənilməz zərbə nəticəsində hərbçilərimizdən şəhid düşənlər və yaralananlar var.

Ordumuz dərhal düşmənə cavab zərbələr endirdi. Ağır zərbələr, cəza zərbələri. Bu zərbələr nəticəsində Ermənistan ordusunun təxminən 100 nəfər itki verdiyi vurğulanır. Fəqət, Ermənistanın Müdafiə Nazirliyi həmişə olduğu kimi, itkiləri danıb, tələfatla bağlı məlumat vermir. Sadəcə, dünəndən etibarən bir neçə erməninin yaralandığı "etiraf" olunub.

Bundan başqa, Ermənistan rəhbərliyi adətinə xilaf çıxmayaraq ağı qara, qaranı da ağ kimi təqdim edir, Azərbaycanı hücumda suçlayır.

Belə deyil, çünki həmin marazmatik ittihamlar heç bir məntiqə sığmır.

Azərbaycanın Ermənistanla dövlət sərhədində hansısa hərbi məqsədi və ya hədəfi olmayıb, yozdur. Bir neçə il əvvəlsə Ermənistanla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunub. Və bu, bir daha sübut edir ki, Ermənistanla sərhəd Azərbayan üçün hərbi məqsədlər baxımından bizim üçün prinsip etibarilə əhəmiyyət daşımır.

Ermənistan Müdafiə Nazirliyinin "səbəb" kimi açıqladığı nüanslar isə sadəcə, ironiya doğurur. Sən demə, Azərbaycan Ordusunun UAZ-ı sərhədi pozub, Ermənistan tərəfə keçib. UAZ-da da iki zabit və bir əsgər varmış. "Azərbaycanın diversiyası bununla başladı", - deyir ermənilər.

Bu nə absurd, nə sarsaq məntiqdir: hansı ölkə sərhəddə hücuma iki zabit və bir əsgərlə başlayar ki?!

Dövlət başçımız dünənki iclasda bu olayla bağlı deyib: "Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin. Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir".

Göründüyü kimi, hər şey aydındır.

Prezidentin bilavasitə nəzarəti ilə görülmüş operativ tədbirlər nəticəsində işğalçı və aqressiv Ermənistanın ordusu layiqli cavabını aldı. Şəhid olan zabitlərimizlə əsgərlərimizin qanları yerdə qalmadı.

Ermənilərə ağır zərbələr endirildi, bu zərbələr onlara dərs oldu.

Fəqət, düşmən sakitləşməyib və bilməliyik ki, əsla sakitləşən də deyil

Belədə, nə etməliyik, necə davranmalıyıq?

Düşmənin istənilən zərbəsinə son günlərdə olduğu kimi, sarsıdıcı zərbələr endirməliyik. Müharibə şəraitindəyik və bu şəraitə uyğunr davranmalıyıq.

Əsla unutmamalıyıq ki, Ermənistan bizə qarşı sosial şəbəkələrdə, informasiya texnologiyaları vasitəsilə savaş aparır. Məkrlə, səbrlə, ağılla. Düşmən çox hiyləgərdir və bunun fərqinə tam varmalıyıq, əks təqdirdə natamam işlərimizlə öyünməkdəykən tam vətənin natamam olmasını görəcəyik.

Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv olunub. Bu, faktdır - Ermənistan mediası, rəsmiləri özlərini qaldırıb olduqları yerə vursalar da, belədir. Çünki paylaşılan videogörüntülər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilib.

Yaşananlar göstərdi ki, Azərbaycan ordusu düşmənin başıpozuq silahlı qüvvələrindən üstündür. Tovuz əməliyyatı Ordumuzun şanlı tarixində yer alacaq.

Və aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. Azərbaycan kəndlərini atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak oldu. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir. Məhz bu səbəbdən Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz.

Belədirsə, niyə Ermənistan ərazilərimizin 20 faizini işğal etməyə nail olub?

Haqlı və məntiqli sualdır, cavabı da var.

O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün çalışan qüvvələr, daha konkret olsaq AXCP-Müsavat duumviratı Qarabağ bölgəsində xəyanət etmişdilər. Ermənilər də təbii, dərhal həmin imkanlardan yararlandılar.

Düşmən heç zaman gizlətməyib ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. Bəli, Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırım törədib.

Digər sual - "Ermənistan niyə sərhəddə təxribata əl atdı?"

İlk səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Xaricdən maliyyələşən, xarici fondlardan maaş, onlardan təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ancaq təcrübəsizlik, səriştəsizlik, daxili resursların, xarici investisiyaların olmaması bunu mümkünsüz etdi. Vədlərin iflasa uğraması Ermənistanda böhranlı vəziyyətin yaranmasına gətirib çıxarıb. İrəvandakı hakimiyyət cəmiyyəti birləşdirmək əvəzinə, əksinə, siyasi məhbuslar yaradır, siyasi opponentlər həbs edilir, təqib olunur, deputatların toxunulmazlığı götürülür, konstitusiya kobudcasına pozulur, konstitusiyaya qanunsuz düzəlişlər edilir.

Ermənistanda hakimiyyət baş nazir Nikol Paşinyanın əlində cəmləşib və demokratiyadan əsər-əlamət yoxdur, diktatura hökm sürür. Paşinyana da böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və ona görə də şüurlu şəkildə bu təxribata əl atıldı.

Və ən nəhayət, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası Ermənistanın bu addımının əsas səbəbi olub. Ermənistan Azərbaycanın növbəti böyük uğurunu həzm edə bilmədi.

İndi Ermənistanda panika yaranıb, bəzi kəndlər, şəhərlər boşaldılır. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir.

Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi. KTMT-nın buna nə dəxli var? Azərbaycan Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Bu addım onun acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Ermənistan heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etdi. Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addımdır. Rəsmi İrəvan KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Unutmayaq ki, KTMT-nın Ermənistandan başqa bütün üzvləri Azərbaycanın dostlardır.

Axı xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin əksəriyyəti SOROS fondunun və buna oxşar fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti necə olmalıdır?

Xarici siyasətimiz dəyişməlidir. Hücum diplomatiyasına keçməliyik.

Hazırda Ermənistanın növbəti təxribatı ilə bağlı Azərbaycanın diplomatik fəaliyyəti daha səmərəli ola bilərdi. Passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır.

Xarici İşlər Nazirliyi, Azərbaycanın xarici ölkələrdəki səfirləri və nümayəndəlikləri işlərində köklü dəyişikliklər etməli, "anım günləri" adlı tədbir keçirib onun fotolarını yaymaqla işini bitmiş saymamalıdır.

Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla normal işə keçmək zamanıdır artıq. Üstəlik, Azərbaycanın iqtisadi maraqlarını və Azərbaycan vətəndaşlarının hüquqlarını müdafiə etməyin bilavasitə diplomatlarımızın da vəzifəsi olduğunu birdəfəlik dərk etmək gərəkdir.

Diaspor təşkilatları ilə əlaqədar işlərin normal, məntiqli formata salınması zamanıdır artıq.

Diplomatiyamız bütün beynəlxalq təşkilatlarda və tədbirlərdə düşməni susdurmalıdır. Bunu bacarmalıdır. Bacarmayan adamın diplomatik fəaliyyətdə yeri olmamalıdır.

Aydın və konkret yazıram: Azərbaycan diplomatiyası ölkəmizin indiki situasiyası ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. COVİD-19 ilə bağlı Ermənistanla danışıqlar təşəbbüsü isə biabırçılıqdır. Xeyir ola, olmaya diplomatlarımız Ermənistanla əməkdaşlığa başlayıblar?

Ermənistanla yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş prosesdə irəliləyiş olarsa - yalnız bu halda - əməkdaşlıq məsələsi gündəmə gələ bilər.

Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə!" demişdi. Azərbaycan XİN niyə hələ də susur, mağmın açıqlamalarla, mənasız söz yığını ilə işini bitmiş sayır?

Durum gərgindir. Ermənistan aldığı böyük və sarsıdıcı zərbələrdən sonra uyğun saydığı vəziyyətdə dərhal imkanlardan istifadə edərək təxribatlara əl ata bilər. Çünki hazırda Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən fəallaşma müşahidə olunur.

Düşmənin qarşısının alınması ilə bahəm, ona çox ağır cəza zərbələrinin endirilməsi üçün hərbi xərclərə yenidən baxılmalıdır. Gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər onun təminatını tam görməlidir.

Və sonda - gələk iyulun 14-də Bakıda keçirilmiş aksiyaya.

Minlərlə vətənpərvər vətəndaşımız Tovuz rayonunda yaşananlara münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Bu vətənpərvər addım alqışlanmalıdır.

Onlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Yaşananlar xalq-iqtidar birliyini əyani şəkildə təsdiq edən mənzərə idi.

Polisə də göstəriş verilmişdi ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin.

Nə oldu? İnsanlar Şəhidlər xiyabanına gələndən sonra bəzi təxribatçı qruplar xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər.

Əsla istisna edilmirdi ki, hansısa təxribatçı qüvvələr, "beşinci kolon"un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər.

Təxribatçılar niyyətlərinə çatmadılar. Polis onların əməllərinə qısa müddətdə son qoydu. Milli Məclis binası qarşısında polis avtomobilini çevirənlər, parlament binasına girənlər artıq müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək.

Bu işdə dövlətin yanında olmalıyıq.

Necə ki, dövlət daim yanımızdadır.

Anti-Azərbaycan qüvvələrin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verilməyəcək.

Həmin alabaşlar bunu artıq anlasınlar, dərk etsinlər. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin. Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı. Bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Bu, milli məsələdir. Heç nəyə, heç bir xarici təşkilatın mövqeyinə  baxılmayacaq;

Prezident İlham Əliyev deyib: "Beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə çirkin kampaniya aparanlara qarşı nümayiş etdirilən mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələr harada mümkünsə, bloklanacaq. Onların meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verilməyəcək. Döyüşlər getdiyi vaxtda orduya şər atanlara, yalan uyduranlara layiqli dərs veriləcək. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Amma bunlar daxildə otuurub xaricdən pul, təlimat alır, mühiti zəhərləyirlər və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadırlar".

Elçin Alıoğlu
Milli.Az