Zaqatalada əsgərimizin boğulması: faciə necə baş verib? - VİDEO

13 İyul 2020 11:34

12 iyul tarixində mərhum əsgər Fərdi Yarəliyevin atası və yaxın qohumları onun xidmət etdiyi sərhəd zastavasına səfər ediblər.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, mərhum əsgərin yaxınları onun ölüm hadisəsinin baş verdiyi çay kənarında olub, şahidlər və mərhumun əsgər yoldaşları ilə görüşüb, hadisənin təfərrüatlarını öyrəniblər.

Əsgər Fərdi Yarəliyevin üzmək üçün çaya daxil olmasının bilavasitə şahidi olmuş və təhlükəli olduğuna görə, onu bu hərəkətdən çəkindirməyə çalışmış Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini onlara danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Bundan əlavə, məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov da onlarla görüşüb, mərhumun cəsədinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, sualları cavablandırıb.

Keçirilmiş görüşlər və aparılmış söhbətlər nəticəsində mərhum əsgərin ölümü ilə əlaqədar müxtəlif KİV-lərdə və sosial mediada yayılmış əsassız ittihamların tam qərəzli və həqiqətə zidd olması bir daha öz təsdiqini tapıb.

Milli.Az