"Koronavirusa yoluxduğunu bir-birindən gizlədən ər-arvad üzbəüz palatada yatdıqlarını bilmirlər" - Bakıda AİLƏ DRAMI - FOTO

11 İyul 2020 13:40

"Martın 24-dən, Mərkəzi Neftçilər Xəstəxanası COVİD-19 xəstələri üçün ayrılandan 12 saatlıq iş rejimində aktiv şəkildə çalışırıq. Xəstə yükündən asılı olaraq, 15-16, bəzən isə 24 saata qədər xəstəxanada qalırıq".

Bunu Milli.Az-a müsahibəsində həkim-infeksionist Natiq Əliyev deyib:

Yoluxmanın birdən-birə artmasını nə ilə əlaqələndirərdiniz?

- Yoluxmanın birdən-birə artmasına əhalinin deyilən fərdi izolyasiya qaydalarına əməl etməməsi, "Koronavirus boş şeydir" təfəkküründə olmaları, insanların məsuliyyətsizliyi səbəb oldu. Əvvəl hər kəs sosial şəbəkələrdə bizi qınayırdı ki, "Bir nəfər də olsa bizə göstərin ki, kimsə yoluxub". Artıq hər kəsin evindən kimsə, yaxud tanışı yoluxub və artıq biz hər kəsi səsləyirik ki, evində insan ölümü olmadan deyilənlərə əməl etmək və həkimlərə kömək olmaq lazımdır. Çünki artıq gedişat ona doğru gedir.

Bu halda sərt karantin rejiminin uzadılması real görsənirmi?

- Karantin rejiminin uzadılması, sərtləşdirilməsi də birbaşa ona xidmət edirdi ki, artıq hər bir evdə yoluxma sayı göründüyü üçün ölüm sayının azaldılması məqsədi daşıyır. Belə davam edərsə epidemioloji durum daha da ağırlşacaq, hətta daha sərt karantin rejimi ilə, daha sərt qaydalarla qarşılaşa bilərik. İnsanların sağlığı naminə bu hallar qaçılmazdır.

Son günlər həkim kolleqalarınız arasında yoluxanlara və korornavirusdan dünyasını dəyişənlərə daha çox rast gəlməyə başlamışıq. Tibb işçiləri arasında bu cür halların artması vəziyyətdən çıxmaqda bizə mane ola bilərmi?

- Bu dəqiqə ölkədə həkim kolleqalarımız arasında aktiv sürətdə işləyən, COVİD-19 xəstələrinin sağalmasında əsas sütunlar hesab edilən həkimlərimizdən də yoluxanlar var. Təbii ki, bu öz növbəsində səhiyyə sisteminə də böyük ziyan vuracaq. Çünki aktiv çalışan həkimləri itirəcəyik. Onların yerinə təbii ki, əvəzedici həkimər olacaq, amma onlar olmayacaq, onların savadı, praktikası olmayacaq. Bu da, öz növbəsində çox ağır fəsadlara gətirəcək.

Mutasiyaya uğrayan COVİD-19 yoluxmanın yayıldığı ilk vaxtlardan hansı xüsusiyyəti ilə fərqlənir?

- Mart ayında xəstəxanaya yerləşdirilən koronavairusa yoluxan ilk xəstə qrupları bu xəstəliyi daha çox orta və yüngül keçirirdilər. O zaman xüsusən deyirdik 65 yaşdan yuxarı, yanaşı xəstəliyi olanlar daha ağır risk qrupuna aiddir. Amma hazırda hər kəs risq qrupuna aiddir və hər kəsin xəstəliyi ağır keçirmək ehtimalı var. Bugünkü yaşanan olaylar, gənclərin koronavirusa yoluxması, onların səhhətinin ağırlaşması və COVİD-19-dan ölümün gəncləşməsi buna bir sübutdur. Ona görə, hər kəs yaşından asılı olmayaraq özünü qorumalıdır.

4 ay ərzində koronavirusla mübarizə zamanı sizi təsirləndirən bir hadisə olubmu?

- Hazırda 50-55 yaşlarında bir cütlük xəstəm var. İkisi də bir-birindən xəbərsiz üzbəüz palatalarda yatırlar, ikisi də bir-birinin orada yatdıqlarından xəbərsizdirlər. Hər ikisinin də mənə dediyi "Doktor, sizə zəng gəlsə ailəmə, yoldaşıma deməyin ki, mən xəstəyəm. Narahat olar" ifadələridir. Belə şeylərlə çox qarşılaşırıq. Hər kəsdə psixoloji basqı olduğu üçün psixiemosional durum da çox yüksək olur. 

Təhməz Təkin
Milli.Az