Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?

11 İyul 2020 22:25

İndi hamı koronavirus testinin neqativ çıxmasını arzulayaraq əhvali-ruhiyyəsini də neqativə kökləyir. Nəticədə insanların psixoloji durumu gərginləşir, stress, depressiya ilə üzləşir, əsəbi olur.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, bəli, koronavirusun sosial həyatımızda yaratdığı dəyişikliklər psixologiyamızdan da izsiz ötüşmür. Nə qədər çalışsaq da, emosional sağlamlığımızı qoruya bilmir, "birdən mən də koronavirusa yoluxaram" qorxusuna əsir düşürük. Normadan artıq psixoloji təsirin depressiya ilə nəticələnəcəyini diqqətdən qaçırırıq. Halbuki psixoloji təzyiq, stress də elə xəstəlik qədər təhlükəlidir. Çünki stress immunitetin aşağı düşməsinə səbəb olaraq viruslara asanlıqla yoluxmağa, xəstəliyi ağır keçirməyə zəmin yaradır. Üstəlik, viruslar bir müddətdən sonra ölür, amma insanın özündə yaratdığı depressiya, adətən uzunömürlü olur və şəxsin xarakterinə, davranışına təsir göstərir.

Bəs psixoloji durumumuzu, əhvalımızı pozitivə necə yükləyək, həyəcanımızı idarə etmək üçün nə edək?

Psixoloq Əfsanə Rüstəmova deyir ki, stress hər kəs üçün zərərlidir. Bunun fonunda yarana biləcək xəstəliklərin isə sayı-hesabı yoxdur:

"Pandemiya dönəmi bizi həmişəkindən fərqli ruh halına salıb. Buna baxmayaraq, həyat keyfiyyətimizin yaxşılaşması üçün pozitiv olmalıyıq. Təəssüf ki, hər kəsin sinir sistemi eyni dərəcədə güclü deyil. Hər kəs yayılan doğru və ya yalnış xəbərlərə adekvat reaksiya verə bilmir. Psixikası daha həssas olanlar pandemiyadan öncəki dönəmlərdə də virus, xəstəlik, ölüm qorxusu ilə çabalayırdılar. Hazırkı dönəm isə onların bu qorxularının alovlanmasına "ideal" şərait yaradıb.

Sosial mediadakı yalan xəbərlər, televiziyalarda ziddiyyətli məlumatkarın verilməsi həssas qrupun qorxularını daha da artırır ki, bu zaman psixoloji problemin yaşanması qaçılmazdır".

Psixoloqun fikrincə, panik atağın qidalandığı stress faktorunun günümüzdə hökm sürdüyünü unutmayıb, ruhən sakitləşmək üçün "çirkli" informasiyalardan maksimum uzaq durmalıyıq:

"Əgər daha əvvəllər də bu vəziyyət yaşanıbsa, onun öhdəsindən gəlməyin üsullarını bilməlisiniz. Amma məhz bu dönəm üçün yaranan qorxu və stress fonundakı atak üçün isə

- sakitləşməyi;

- sizi stressə salan məkan və informasiyalardan uzaqlaşmağı;

- lazım gəldikdə, sosial mediadan istifadəni minimala endirməyi;

- məlumatı ancaq səlahiyyət sahibi qurumların dilindən və sosial mediasından qəbul etməyə çalışın.

Sizə yaxşı təsir göstərən nəfəs texnikası ilə işləyin.

Unutmayın ki, panik atak beynimizin uydurduğu bir xəstəlik ruh halıdır. İnsan isə duyğusal yönləndirmələr edərək həmin an başqa ruh halı yarada və ataka qalib gələ bilər.

Atak zamanı ən böyük qorxu olan boğulma, nəbzin artması və ürək döyüntülərinin imitasiya olduğunu və sizin ona başqa bir imitasiya ilə qalib gələ biləcəyinizi də söyləyərək fikrimi yekunlaşdırmaq istərdim.

Gözünüzü yumaraq ruhunuzu sizə rahatlıq gətirəcək məkana aparın. Gülümsədiyinizi və bədəninizdəki gərginliyin azaldığını hiss edəcəksiniz".

Sonda qeyd edək ki, unutmayın, nə karantin dövrü, nə də koronavirus daimidir. Həyatımızdakı bu dəyişikliklər, sadəcə olaraq qısa müddətlidir və başlıca hədəf hamımızın sağlamlığıdır. Odur ki, fiziki sağlamlığınızla yanaşı, psixoloji sağlamlığınızı da qorumağa çalışın.

Koronavirus testinizin neqativ, əhvalınızın pozitiv olması diləyi ilə...

Milli.Az