Qubada yol qəzasına düşən həkim briqadasının 5 nəfəri evə buraxılıb - YENİLƏNİB

8 İyul 2020 17:02

17:02

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdarkən yol qəzasına düşən 7 nəfərlik həkim briqadasıdan 5 nəfər evə buraxılıb.

Bu barədə Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, evə buraxılan həkimlərin xəsarətləri yüngül, vəziyyəti isə normal olub: "5 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, xəsarət alan iki nəfər isə müayinəyə göndərilib". Xatırladaq ki, Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalının 7 nəfərlik həkim briqadası təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

---------

16:43

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Qubanın Atuc kəndi ərazisindən keçən hissəsində baş verib. 

Xudat xəstəxanasına məxsus "UAZ" markalı maşın qarşısındakı avtomobilin ani manevr etdiyi üçün idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı maşında olan xəstəxananın iki əməkdaşı xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az