"Hər bir insanın özünü qoruması Azərbaycan dövlətini qoruması deməkdir"

6 İyul 2020 16:24

"Bu pandemiya dövründə insanların tətbiq edilən o müəyyən qadağalara əməl etməməsi problemlər yaradır". 

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, "Şöhrət" ordenli, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının müdiri, professor İlham Namiq Kamal deyib.

Xalq artisti bildirib ki, hər bir insanın özünü qoruması Azərbaycan dövlətini qoruması deməkdir:

"Bu qadağalara əməl etməmək insanların özünün çatışmayan cəhədlərindən biridir. Mənim tanıdığım sənət adamları dövlətin qoyduğu qadağalara riayət edirlər. Bu, sadə bir işdir. Maska taxmaq bəyəm elə çətin məsələdir, əlləri yumaq bəyəm çətin məsələdir? Amma bu zərurətdir. Mən sizdən dönə-dönə xahiş edirəm, çox xahiş edirəm, qadağalara riayət edin. Çünki hər bir insanın özünü qoruması Azərbaycan dövlətini qoruması deməkdir. Bütün insanlarımıza məsləhət görürəm ki, zərurət yoxdursa evdə qalsınlar. Dünya çox çətin bir dönəmi yaşayır. Koronavirusdan bütün dövlətlər əziyyət çəkir. Amma Azərbaycan dövləti öz vətəndaşlarına, öz xalqına böyük bir qayğı ilə yanaşır".

Kafedra müdiri qeyd edib ki, xalq olaraq çox çətinliklərdən keçdiyimiz kimi bu pandemiya dövrünü də qaydalara əməl etməklə uğurla geridə qoyacağıq:

"Belə çətin bir dönəmə baxmayaraq Prezident cənab İlham Əliyevin başçılığı ilə bütün sahələr kimi səhiyyə sahəmiz, həkimlərimiz də var gücləri ilə çalışırlar. Bizdən nə istəyirlər?! Bizdən yalnız bir xahişləri var: qaydalara riayət etmək, evdə oturmaq və özünü qorumaq. Mən Şamaxıdayam ailəmlə. Bu xəstəliyin çıxıb getməsini arzulayıram ki, çox rahatlıqla ölkəmizin istənilən bölgəsinə rahat gedib gəzək. İnanıram ki, belə də olacaq. Bizim xalqımız mərd xalqdır, çox çətinliklərdən keçmişik. Hələ bundan sonra da müəyyən çətinliklər var ki, biz onları birgə dəf edəcəyik. Ona görə də, mənim sizdən bir xahişim var: maska taxın, məsafə saxlayıb, gigiyenik qaydalara riayət edin, ailənizi, doğmalarınızı, sevdiklərinizi və özünüzü qoruyun".  

Təhməz Təkin
Milli.Az