Cadillac ilk elektrokarının debüt tarixini açıqlayıb - VİDEO

25 İyul 2020 22:30

Cadillac şirkəti ilk seriya elektrokarı olan Lyriq modelinin videotizerini paylaşıb. İlkin olaraq, Cadillac Lyriq krossoveri aprel ayında debüt etməsi planlaşdırılırdı, ancaq koronavirus pandemiyası səbəbindən təqdimat qeyri-müəyyən müddətə təxirə salınmışdı. Bu gün isə, elektrokarın onlayn təqdimatının 6 avqust 2020-ci il tarixində keçiriləcəyi məlum olub.

Cadillac Lyriq krossoveri General Motors konserninin miqyaslanan platformasına əsaslanır və amerikan konserninin öz məhsulu olan müasir Ultium batareya sistemi ilə təchiz edilmişdir. Ultium batareya sisteminin gücü 50 ilə 200 kilovat-saat arasında dəyişir, sistem 400 və ya 800 volt gərginlik altında işləyir və 350 kilovata qədər elektrik yüklənməsini dəstəkləyir. Yeni platforma ön, arxa və tam ötürməli elektromobillər üçün nəzərdə tutulmuşdur, lakin Cadillac Lyriq modelinin hansı növ ötürməni alacağı məlum deyil.

Videotizerin sonunda yeni modelin konturları nümayiş etdirilir və Cadillac Lyriq elektrokarının Range Rover Velar modelini xatırlatdığını söyləmək olar. Eyni zamanda, videoçarxda yeni Cadillac Escalade modelinin malik olduğu texnologiyalar da nümayiş etdirilir: bunlara misal kimi, virtual cihazlar panelini, yoldakı heyvanları aşkarlama funksiyasına malik olan gecə görmə sistemini və sükanın avtomatik döndərilməsi sistemini göstərmək olar.

Avqust ayında Cadillac şirkətinin konseptual prototipi deyil, kütləvi istehsala hazır olan krossoveri nümayiş etdirəcəyi gözlənilir. Şirkət yeni modelin satışlarının başlanma tarixini açıqlamasa da, bunun 2021-ci ildə baş verəcəyini güman etmək olar.

Milli.Az