Nuşirəvan Məhərrəmli: “Yeni mədəniyyət kanalının açılması barədə düşünürük”
21 Aprel 2010 14:17
"Biz yeni mədəniyyət kanalını açmağı düşünürük. Mədəniyyət kanalın açılışı yeni televiziyanın açılışı deməkdir və bununla da reklam bazarında yeni problemlər yaranacaq".
Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
O bildirib ki, özəl telekanallar mədəniyyət sahəsində öz üzərlərinə düşən işi görsəydi, biz ayrıca mədəniyyət kanalının açılması barədə düşünməzdik. N.Məhərrəmlinin sözlərinə görə, təəssüf ki, elə bir vəziyyət yaranıb ki, ictimaiyyət haqlı olaraq bu sahədə yaranmış vəziyyətlə bağlı narazılığı ortaya qoyur.
"Biz də bununla bağlı MTRŞ-ya verilən səlahiyyətlər çərçivəsində çıxış yolunu mədəniyyət kanalının yaranmasında görürük. Əgər biz yaradıcılıq işlərinə qarışa bilmiriksə, televiziya kanallarına hansı işlər gör deyə bilmiriksə, onda onlara qarşı daha böyük tədbirlər görmək imkanımız var ki, yeni mədəniyyət kanalı yaradaq və yeni kanal bizim dediyimiz çərçivədə fəaliyyət göstərsin", - deyə o əlavə edib.
/SİA/