Yararsız metallardan hazırlanan qeyri-adi əl işləri - VİDEO - FOTO

3 İyul 2020 22:49

Yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından hazırladığı qeyri-adi fiqurlar və bəzək əşyaları ilə tanınan Siyəzən şəhər sakini Cavid Yəhyayevin yeni əl işləri görənlərin marağına səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyirmi ildən artıqdır neftçıxarma sahəsində mühəndis işləyən Cavid Yəhyayev bu dəfə yararsız metal əşyalardan, avtomobillərin ehtiyat hissələrindən istifadə etməklə maraqlı əl işləri hazırlayıb.

Asudə vaxtını qeyri-adi fiqurlar hazırlamağa sərf edən C.Yəhyayev ənənəsinə sadiq qalaraq daha çox heyvan, quş, böcək və sair fiqurlar düzəldir. Son əl işləri arasında motosikletlər, neftçıxarma qurğusu, insan, quş və balıq fiqurları daha diqqətçəkəndir. Hazırlanan əl işlərinin bəziləri abstrakt janrdadır.

C.Yəhyayevin yararsız materiallardan hazırladığı maraqlı eksponatların sayı 100-ə çatır.

Siyəzənli mühəndis yararsız avtomobil şinlərindən hazırladığı əl işləri ilə IV Beynəlxalq "Tullantıdan sənətə" sərgisində iştirak edib. Yararsız avtomobil şinlərinə "yeni həyat" bəxş edən Cavid Yəhyayev daha çox heyvan, quş fiqurları və müxtəlif formalı dibçəklər hazırlayır.

Artıq 8 ildir bu işlə məşğul olan Cavid Yəhyayev bildirir ki, belə əl işləri düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.

Milli.Az