Azərbaycanda 228 nəfəri öldürənlər - FOTO

3 İyul 2020 12:45

Vəziyyət düşündüyünüzdən də ağırdır. Dövlətin qabaqlayıcı tədbirlərinə baxmayaraq koronavirusa yoluxanların sayı 500-ün üzərindədir. 

Bəs birdən-birə virusa yoluxanların sayının bu qədər artmasına səbəb nədir?

Dünyanın bir çox güclü ölkələrinin təslim olduğu COVİD-19 virusuna qarşı ölkəmizdə Prezident İlham Əliyevin qərarı əsasında bir sıra qabaqlayıcı tədbirlər görüldü. Bu tədbirlərdən ən birincisi isə sərt karantin rejiminin elan edilməsi və qısa zaman ərzində beş modul tipli xəstəxanaların istifadəyə verilməsi idi ki, bu xəstəxanalar da bütün lazımi tibbi avadanlıqlarla təchiz edildi. 10 milyonluq ölkə üçün hesablanan palata sayı bu günə qədər 2 min idisə, yeni modul tipli xəstəxanalar açıldıqdan sonra bu rəqəm 7 minə çatdırıldı. Vətəndaşların karantin qaydalarına riayət etməsi üçün polis nəzarəti gücləndirildi. Tibbi maskadan istifadə, sosial məsafə və gigiyenik qaydalara əməl etməyin koronavirusdan qorunmaq üçün əhəmiyyəti ilə bağlı istər telekanallarda, istər küçələrdə, istərsə də ictimai nəqliyyatda müxtəlif reklam lövhələri yerləşdirildi.

Səbəb isə dünyanı qarşısında diz çökdürün COVİD-19 virusundan xalqı xilas etmək idi. Amma təəssüf ki, bunu siyasi oyun adlandırıb ətrafındakıları da hər vəclə buna inandırmağa çalışan şəxslər də az olmadı. Hansı siyasi oyundan söhbət gedirdi, gördüm deyən isə olmadı. Son 3-4 ildə turizm yüksəlişini yaşayan (2019-cu ildə turizmlə təxmini 2 milyard dollardan çox ölkəmiz gəlir əldə edib. Bununla da neft sektorundan sonra ölkə büdcəsinə ən çox gəlir gətirən II sahə oldu) Azərbaycan sərhədlərini bağlayıb, turist axınının qarşısını kəsməyə məcbur oldu. Pandemiyaya görə neftin qiyməti minimum səviyyəyə düşdü və büdcə gəlirlərinin xeyli azalmasına gətirib çıxardı. Siyasi oyun dediyiniz bu idimi?

Bəs ictimaiyyət pandemiyadan az zərərlə xilas olmaq üçün nə etdi?

Koronavirus ilk vaxtlar "Tanıdıqlarından kimdəsə bu virusa yoluxan var?" sualını əldə bayraq edənlərin qonşusuluğuna, iş yerinə, oğlunun, qızının evinə kimi gəlib çıxdı. Amma dəyişən bir şey olmadı. Hər şey cəmiyyətin həmləsinə bağlı idi. Bu həmlə vətəndaş həmrəyliyi, qaydalara bir nəfər kimi riayət edib, yaxınlarımızı, dost-tanışlarımızı, əzizlərimizi, ailə üzvlərimizi qorumaqdan ibarət idi.

Koronavirus mental xüsusiyyətlərin təsir etdiyi xəstəlikdir

Amma belə bir məsəl var: "Beş barmağın beşi də bir deyil". Bəli, məsuliyyətsiz vətəndaşlar oldu və bu gün də belələrini müşahidə edirik. Bəs niyə susuruq, bəs niyə bu xalqın əxlaq normalarını, əxlaq prinsiplərini formalaşdıran əsas missiyamızı unuduruq? Koronavirus mental xüsusiyyətlərin təsir etdiyi xəstəlikdir. Bu çətin dönəmlər ictimai qınaq məsələmizi gündəmə gətirdi. Məlum oldu ki, "Ac başım, dinc başım", "Millət necə tarac olur olsun, nə işim var?!" deyib, cınqırlarını da çıxarmaq istəməynlərin sayı xeyli artıb.

Bu zamanlarda ictimai nəqliyyatda maskadan istifadə etməyib, yaxud maskanı çənəsinə çəkib, heç nə olmamış kimi ətrafdakıları nəzərə almadan öskürən insanlardan tutmuş, avtobusda maska taxmasa belə düşdüyü zaman polisi görüb açıq havada maskanı ağzına çəkən vətəndaşlara kimi gördük. Ən böyük qəbahəti isə belə məsuliyyətsiz şəxsləri görüb heç bir reaksiya verməyən, buna etirazını, qınağını bildirməyən insanlar etdi. İctimai qınaq olmadığını görən bu cür şəxslər ölkədə epidemioloji vəziyyətin bu qədər ağırlaşmasının əsl səbəbkarlarıdır. 

Ölkə əhalisinin bəziləri bir körpənin "ilan boğan" dönəminə bənzəyir

İnfeksiyaya yoluxmuş bir şəxs əgər bir həftənin içində 50 və daha da çox adamı yoluxdura bilirsə və o 50 adam isə öz növbəsində digər 50 nəfəri yoluxdura bilər. Nəzərə alsaq ki, yoluxdurmadan 6-9 gün sonra simptonlar özünü büruzə verir, görün bu qısa zaman ərzində neçə yüz insanın yoluxması deməkdir.

Karantin qaydalarına əməl etməyən, vətəndaş məsuliyyətini dərk etməyənlər, həqiqətənmi bu günə qədər ölkəmizdə koronavirusdan vəfat edən 228 nəfərdən heç birinin ölümünə görə özünüzü günahkar hiss etmirsiniz?

Aylardır bu barədə müxtəlif informasiyalar, koronavirs xəstələri üçün ayrılan xəstəxanalarda reanimasiya divarları arasında yaşamaq mücadiləsi verən insanların dəhşətli kadrları yayılsa da, bu gün oğluna sünnət toyu, böyük toy edən, ad günü, son zəng partiləri keçirənlərə də rast gəlindi. Ölkə əhalisinin bəziləri bir körpənin "ilan boğan" dönəminə bənzəyir. Odla oynadıqlarının fərqində olmayan həmin şəxslər bunun acısını yaşamadan ailəsinin, yaxınlarının hansı təhlükə ilə qarşı-qarşıya olduğunu dərk etməlidir. Qaydalara əməl emtəyi borcu hesab etməyənlər, amma mən mutasiyaya uğrayan amansız virusun artıq yaş həddinə baxmadığını və məsuliyyətsizliyiniz nəticəsində neçə körpəni valideynsiz qoya biləcəyinizi, daha neçə valideynə isə ömürlük övlad dərdi verə biləcəyinizi xatırlatmağı vətəndaş borcum hesab etdim.

Təhməz Təkin
Milli.Az