Saç ağarmasının qarşını almaq üçün sadə üsullar

4 İyul 2020 16:00

Saçlarınızın arasında ağ tüklər var? Saçlarınız tam ağ görünməsə belə, arasında bircə ağ telin olması sizi çox narahat edə bilər.

Əvvəlcə onu qeyd edək ki, saçların ağarmasının qarşısını almaq üçün möcüzəvi bir üsul, ya dərman yoxdur. Vaxtsız saç ağarma bəzən genetik, bəzən də qidalarda çatışmayan maddələrin nəticəsində baş verir. Vaxtından tez kimyəvi boyalarla saçları müxtəlif rənglərə boyanması da saçların tez ağarmasına təsir edir.

Alimlər bildirir ki, əgər saçlarınız çox tez ağarmağa başlayıbsa, bu, orqanizminizdə bəzi vitamin və mineral çatışmazlığından xəbər verir. Məsələn, B12 vitamin əskikliyi uşaqlarda belə saç ağarmasına səbəb ola bilər. Fol turşusu isə proteinin bədən tərəfindən istifadəsində problemlərə yol açaraq, saçları tez ağardar. Erkən saç ağarmasını əngəlləmək üçün istifadə edilə biləcək digər vitamin və minerallar isə biotin, sink və inositodur. Bunları gündəlik qidalanma proqramınıza əlavə edə bilərsiniz.

 

Bəs təbii üsullarla saçlarımızın sağlam olmasını necə təmin edə bilərik? Onların ağarmasının qarşısını almaq üçün nələr edək?

Milli.Az Lent.az-a istinadən sizə bunun üçün bəzi sadə qaydaları təqdim edir:

Adaçayı

Adaçayı ilə hazırlayacağınız durulama suyundan istifadə edərək, saçların ağarması prosesini yavaşlada bilərsiniz. Eynilə çay dəmlədiyiniz kimi, 2 stəkan qaynamış suya 2-3 çay qaşığı adaçayı töküb, 10-15 dəqiqə dəmləyin. Sonra süzüb soyudun. Bu qarışıqla saçlarınızı isladın. Tamamilə quruduqdan sonra ilıq su ilə təkrar durulaya bilərsiniz.

Soğan əzməsi

Soğanın gözlərinizi yandırmamasına diqqət edərək, saçlarınızdakı ağları yox etmək üçün istifadə edə bilərsiniz. Tək etməli olduğunuz soğan əzməsini saçlarınızın diblərinə ovalayaraq sürtmək və qurumasını gözləməkdir. Soğanın qabığını soyduqdan sonra yaxşıca əzin. Saç diblərinə sürtüb 30 dəqiqə gözləyin, sonra şampunla yuyun.

Bu prosesdən bir neçə gün sonra ağarmış saçlarınız yenidən tündləşməyə başlayacaq. Gündəlik istifadə etsəniz, daha yaxşı nəticə əldə edəcəksiniz.


Xına

Xına istifadə edə biləcəyiniz ən möhtəşəm təbii saç rəngləndiricidir. Sadəcə, saçlarınızın rənglərini tündləşdirməz, həm də qüvvətləndirər.

Xınanı hindqozu yağı, ya da xardal yağının içində qaynadıb süzün və bunu saç diblərinə çəkin. Həftədə bir dəfə edin.

Türk qəhvəsi ilə toz halındakı xınanı qarışdırın. Bunu bir qaba qoyun və bir-iki saat ağzını bərk bağlı saxlayın. Sonra saç diblərinə masaj edərək bu maskanı çəkin. 1 saat sonra şampunla yuyun. Bu üsulu həftədə 1, ya 2 dəfə edin.

Hindqozu yağı və limon suyu

Eyni miqdarda hindqozu yağı və limon suyunu götürüb qarışdırın. Əgər ölçüdə tərəddüd edirsinizsə, hərəsindən 3 çay qaşığı götürə bilərsiniz. Bu qarışıqla saç diblərinizə 3-5 dəqiqə masaj edin. Bir saat saxladıqdan sonra şampunla yuyun. Hər gün bu üsulu təkrarlayın.

Kök suyu

Kök suyu həm sağlamlıq baxımından faydalıdır, həm də ləzzətlidir. Hər gün kök suyu için. Həm də saçları gücləndirib tökülməsini əngəlləyəcək.

Gəlin, çox maraqlı və sadə bir reseptlə saçların qaralma üsuluna diqqət edək.

Bu üsul tez və effektli təsir göstərir.

Tələb olunanlar:

- 1 çay qaşığı bal

- 1 çay qaşığı gənəgərçək yağı

- 1 çay qaşığı konyak

- Yumurta sarısı

Qarışdırılır, 5 dəqiqə ərzində saçların diblərinə yaxılır. Başa torba keçirilir, üstündən də papaq qoyulur ki, baş isti olsun. Beləcə, 2-3 saat saxlanılır. Sonra şampunla yuyulur. Bunun həftədə 2 dəfə edilməsi məsləhətdir. Artıq 3-4 dəfədən sonra nəticə sizi də heyrətləndirəcək.

Milli.Az