CBC telekanalının 8 əməkdaşı koronavirusa yoluxdu

2 İyul 2020 16:18

"COVİD 19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı surətdə tanınmış klinikaların birində koronavirusuna dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub".

Milli.Az bildirir ki, bu barədə CBC TV-nin açıqlamasında deyilir.

Məlumatda qeyd edilib ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər: "CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq.

Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.

Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVİD 19-a qarşı test analizi verməsi planlaşdırılıb".

Milli.Az