iPhone-lar artıq qulaqlıq və adapter olmadan satılacaq

4 İyul 2020 23:20

Apple iPhone 12 seriyasının smartfonları qulaqlıq və enerji yükləmə kabeli olmadan satışa çıxarılacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Min-Çi Ko (Ming-Chi Kuo) adlı insayderin təqdim etdiyi hesabatda deyilir.

Onun sözlərinə görə, Apple pulsuz aksesuarlardan imtina edərək yeni smartfonlardakı 5G komponentləri ilə əlaqəli investisiyalarını kompensasiya etməyi planlaşdırır.

Smartfonların qulaqlıqsız satışa çıxarılması həm də Apple istifadəçilərini simli aksesuarı ayrı-ayrılıqda, yaxud simsiz AirPods qulaqlığını almağa təşviq edir.

Bundan əlavə, devaysların kiçik ölçülü qutuya malik olacağı bildirilir. Bu da cihazların daşınmasını xeyli asanlaşdıracaq.

Nəzərinizə çatdıraq ki, iPhone 12 seriyasının relizi cari ilin payız ayları üçün nəzərdə tutulub.

Milli.Az