"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

1 İyul 2020 13:09

"Cənab prezident son 10 il ərzində deyə bilərik ki, turizmi prioritet elan edib və öz diqqətində saxlayır. Bu istiqamətdə də çox böyük işlər görülüb". 

Bunu Milli.Az-a açıqlamasında turizm eksperti Ruslan Quliyev ötən gün Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransı şərh edərkən deyib.

O bildirib ki, dünənki videokonfrans da bir daha göstərdi ki, ölkə rəhbərliyi bilavasitə turizmi diqqət mərkəzində saxlayır, turizmçilərin yanındadır:

"Prezident 2016-cı ildən başlayaraq silsilə fərmanlar, strateji yol xəritələrinin təsdiqi və s. qərarları ilə turizmin ən çox prioritet istiqamət və starteji əhəmiyyətli, Azərbaycan üçün labüd və zəruri olan bir sahə kimi qiymətləndirib. Əlbəttə, dünənki videokonfrans da bir daha göstərdi ki, ölkə rəhbərliyi bilavasitə turizmi diqqət mərkəzində saxlayır, turizmçilərin yanındadır. Həqiqətən də Prezident İlham Əliyevin elə 19 mart tarixindəki fərmanı, ondan sonra imzaladığı silsilə fərmanlar, kompensasiyalarla bağlı müxtəlif təşviq siyasətinin həyata keçirilməsi, kreditləmşə ilə bağlı tədbirlər planında 1.8-ci maddəsində də daxili turizmin inkişafı məsələsi gündəmdədir. Bu fərmanlar belə bir dönəmdə sahibkarlıq subyektlərini özlərini ayaqda tutması üçün çox böyük bir dəstək oldu. Bu il əsas məsələ təhlükəsizlik məsələsidir. İlkin etapda Azərbaycan çox böyük bir təcrübəyə imza atdı. Yardım alan ölkə deyil, yardım verən ölkə siyahısında və nümunəvi ölkələr siyahısında yer aldı. ÜST-ün açıqlamalarında da bu öz əksini tapır".

Ekspert pandemiya dövründə ilkin etapda daxili turizmin, regional turizmin inkişaf etdirilməsini vacib məsələ hesab edib:

"Bir faktı da qeyd etmək lazımdır ki, bu gün postpandemiya dövründə turizmdən danışırıq. İlkin etapda daxili turizmin və regional turizmin inkişaf etdirilməsi vacib məsələdir. Pandemiya zəiflədikcə sərhədlər açılacaq və sonrakı etapda da qonşu dövlətlərə səyahətlər təşkil olunacaq. Hər bir halda biz postpandemiya dövrünə hazırlaşmalıyıq. Yeni proqramların işlənib hazırlanması, yeni çalarlarda həyata keçirilməlidir. 

Daxili turizmin inkişafını şərtləndirən amillər nədir?

1. Daxili turizmin inkişafı ilə bağlı dövlətin antiinhisar fəaliyyətlərinin genişləndirilməsi.
2. Daxili turizm sahəsində yerli mütəxəssislərin təcrübəsinin o qədər də qənaətbəxş olmaması ilə əlaqədar, bütün turizmə aidiyyəti olan təhsil müəssisələrində və xüsusi turizm treninq proqramlarında yeni modulların tətbiqi
3. Şəfaflığın, hesabatlılığın, moritorinqlərin təmin olunması üçün ictimai şuraların yaradılması
4. Daxili və gəlmə turizmin inkişafına dəstək məqsədi ilə Turizmə Dəstək Təşviq Fondunun yaradılması

5. Bölgələrdə fəaliyyət göstərən turizm təsisatlarına differensial verginin tətbiq olunması

İnanırıq ki, postpandemiya dövründə yeni bir mərhələnin başlanğıcı olacaq. Hər şey əvvəlki kimi təbii ki, olmayacaq. Burada səhman standartlarının tətbiq olunması, Azərbaycan turizm bazarının daha rəqabətqabiliyyətli olması üçün təhlükəsizlik dəhlizlərinin yaradılması, daxili turizmin şaxəli inkişafı - bura sağlamlıq turizmi, aqro və eko turizm imkanlarının dəyərləndirilməsi çox vacibdir. Qlobal hal alan COVİD-19 virusu dünya həyatını, iqtisadiyyatını böyük bir təhdid altında saxlayır və təbii ki, turizm iqtisadiyyatına da bunun təsirləri həddindən artıq çoxdur. Demək olar ki, koronavirus turizmi sıfır halına gətirib çıxarıb. Lakin cənab Prezidentin bu videokonfransdakı fikirlərini biz bir proqram xarakterli qəbul edirik. Onun tezislərində də pandemiya dövrünə baxmayaraq bir ümid işığı yandı". 

Təhməz Təkin
Milli.Az