Koronavirus əlamətləri olan şəxslər hara müraciət etməlidirlər? - Səhiyyə Nazirliyi AÇIQLADI

30 İyun 2020 19:21

İndiyədək simptomu olan xəstələr COVİD-19-a test analizi vermək və ya xəstəxanaya çatdırılmaq üçün təcili tibbi yardıma müraciət ediblər. İndi isə bunun tətbiq edilcəyi ardıcıllıq dəyişdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, özündə COVİD-19 xəstəliyinin əlamətlərin görən insanların poliklinikaya gəlməsinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər:

"Belə şəxslər poliklinika ilə əlaqə saxlayacaqlar. Bir çoxları sahə həkiminin də telefon nömrəsini bilirlər, onunla əlaqə saxlaya bilərlər".

N.Zeylanalov qeyd edib ki, Bakıda və ətraf ərazilərdəki poliklinkaların əsasında 39 COVİD məntəqəsi yaradılıb: "Özündə COVİD əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılacaq. Ondan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində briqadalar həmin şəxsin evinə gələrək analizlər götürəcəklər. Testin nəticəsi çıxana qədər ona təlimat veriləcək.

Testin nəticəsi müsbət çıxarsa, virus çıxarsa, onda əlamətlər varsa, sahə həkiminin nəzarəti altında müalicə aparılacaq. Əgər vəziyyətdə dəyişiklik olacaqsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılacaq".

Milli.Az