Distant işə keçid kibertəhlükəsizlik sahəsinə yatırılan investisiyaları artırıb

2 İyul 2020 08:01

2020-ci ilin birinci rübündə kibertəhlükəsizlik sahəsinə yatırılan qlobal investisiyalar təxminən 10% artaraq 10,4 milyard dollara yaxınlaşıb. Ən yüksək artım "Endpoint Security" seqmentində qeydə alınıb. Artım "COVID-19" pandemiyasının başlanğıc mərhələsində distant işçilər üçün kibertəhlükəsizliyin təmini üzrə tədbirlər görən təşkilatlar tərəfindən xərclərin artırılması fonunda müşahidə olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, müsbət dinamika bazarın digər seqmentləri üçün də xarakterik olub. Məsələn, şəbəkə təhlükəsizliyinin təmini üçün həllərə xərclər illik müqayisədə 4% artaraq 3,7 milyard dollar təşkil edib. İnternet təhlükəsizlik vasitələrinə və elektron poçt sistemlərinin müdafiəsinə yatırılan investisiyalar 13,8% yüksələrək 2,3 milyard dollar olub. Bundan başqa, məlumatların mühafizəsi üçün həllərin satışı 11,4% artaraq 500 milyon dollar olub, kibertəhlükəsizlik sistemlərində boşluqların aşkar edilməsi üçün analitik alətlər seqmentində 11,4% artım və 2,3 milyard gəlir qeydə alınıb.

Şirkətlər arasında qüvvələr nisbətinə gəldikdə isə "Cisco" kibermüdafiə avadanlıqları üzrə ən böyük təchizatçı olub. 2020-ci ilin yanvar-mart aylarında kibertəhlükəsizlik üçün həllərə investisiya edilmiş qlobal məbləğin 9%-dən çoxu onun bazar payına düşüb. "Palo Alto Networks" şirkəti ikinci yeri tutub. İlk beşlikdə, həmçinin "Fortinet" (5,9%), "Check Point" (5,4%) və "Symantec" (4,7%) şirkətləri yer alıblar.

Milli.Az