ABŞ Senatında Türkiyədən "S-400"-ləri almaq təklif olunub

30 İyun 2020 08:58

ABŞ ötən həftə Senatda təklif edilən qanunvericilik təşəbbüsü çərçivəsində Türkiyə ordusunun istifadəsində olan Rusiya istehsalı "S-400" zenit-raket komplekslərini (ZRK) ala bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu addım imkan verəcək ki, ABŞ və Türkiyə beşinci nəsil "F-35 Lightning II" qırıcı təyyarələrinin istehsalı proqramında Ankaranın iştirakı ilə bağlı yaranmış çözülməz vəziyyətdən çıxa bilsin.

"Defense News" nəşri bildirir ki, müvafiq düzəliş Senatdakı Respublikaçılar fraksiyasının partiya təşkilatçısı Con Tyun tərəfindən 2021-ci maliyyə ilində milli müdafiəyə büdcə ayırmaları haqqında qanun layihəsi üzrə təklif edilib. Düzəliş Türkiyədə olan "S-400"-lərin ABŞ quru ordusunun raketlə təminatına dair büdcəsi hesabına alınmasını nəzərdə tutur.

Öz növbəsində, Senatın beynəlxalq əlaqələr üzrə komitəsinin respublikaçı sədri Cim Riş daha sərt düzəliş təklif edib. O, CAATSA ("Sanksiyalar aktı ilə Amerikanın düşmənlərinə qarşı mübarizə") proqramı vasitəsilə Türkiyəyə qarşı sanksiya tətbiq edilməli olduğunu düşünür.

Nəşr yazır ki, C.Riş və C.Tyunun fikirlərinə baxmayaraq, onların düzəlişlərinin ABŞ-ın 2021-ci maliyyə ilində milli müdafiə xərclərini tənzimləyən qanun layihəsinin son variantına daxil edilməsinə zəmanət verilmir.

Milli.Az