Ev şəraitində COVID-19-dan sağalan Səbinə Əliyeva: Tam ciddi öləcəyimi düşünürdüm... - FOTO

29 İyun 2020 18:04

35 yaşlı Səbinə Əliyeva evdə müalicə almaqla koronavirusdan sağalıb. Qadın təcrübəsinin eyni vəziyyətdə olan insanlara kömək olacağı ümidi ilə hekayəsini Media.Az-la bölüşməyə razı olub.

Milli.Az oxu.az-a istinadən müsahibəni təqdim edir:

- Sizin harda yoluxduğunuz barədə ehtimalınız var?

- Ondan başlayım ki, hər gün işə, supermarketə gedirdim, metrodan istifadə edirdim. Düzdür, həmişə maskada olurdum, hətta əlcək geyinirdim. Maska tez-tez burnumu qaşındırırdı və bir də ayılırdım ki, burnuma toxunuram. Yəni bu, hər yerdə baş verə bilərdi.

Ancaq mənə elə gəlir ki, virusa iyunun 12-də keçirilən planlaşdırma iclasında yoluxdum. Yadımdadır, cümə idi. Otaqda kondisioner düz üstümə vururdu. Dəhşətli dərəcədə donmuşdum və iclasın sonunda artıq titrəyirdim. Evə birtəhər gəldikdən sonra dözülməz əzələ ağrısı hiss etməyə başladım. Elə bil kimsə ətimi bıçaqla kəsirdi. Axşam temperaturum yüksəldi. Mən "parasetamol" içdim. Qızdırmam düşdü və ağrılarım aradan qalxdı, sonra dərhal yuxuya getdim. Səhər eyni əzələ ağrısı və 39,5 dərəcə qızdırma ilə oyandım. Üç-dörd gün belə yüksək temperaturda oldum. Qeyd edim ki, nə boğazım ağrıyırdı, nə burnum tutulmuşdu.

- Niyə təcili yardım çağırmadınız? Koronavirus testi vermisiniz?

- Siz nə danışırsınız?! Bütün bu günlər ərzində 103-ə zəng edirdim. 13-16 iyun tarixlərində təcili yardım çağırdım. Telefonun dəstəyinə özümü pis hiss etdiyimi, ölmək üzrə olduğumu necə qışqıraraq dediyimi eşitməyiniz lazım idi. Yalvarırdım ki, gəlsinlər. Mənə standart bir söz deyirdilər: gözləyin və maşın çatışmır. Onlara çox qəzəbli idim. Yadıma düşəndə halım pisləşir. Heç kim gəlmədi və ümumiyyətlə, necə olduğumu öyrənmək üçün heç geriyə zəng belə etmədilər.

- Bu beş gündə necə müalicə aldınız?

- Bəxtim gətirib ki, anam tibb bacısıdır. Mənə "Ringer" məhlulu və C vitamini ilə infuziya tətbiq etdi. Xəstələndiyimin beşinci günü özümü çox pis hiss etdim. Gecələr boğulmağa başladım. Yenidən təcili yardım çağırdıq ki, yaxma üçün analiz götürsünlər, yenə bir şey alınmadı. Söz verdilər, amma səhərə qədər boş yerə briqada gözlədim. Həmin müddətdə isə anam mənə isti su verirdi və zəng edərək qızının öləcəyini deyirdi. Hara şikayət edəcəyimizi və müraciət etməli olduğumuzu bilmirdik... Tam ciddi düşünürdüm ki, öləcəyəm...

- Sonra nə oldu? Hara müraciət etdiniz?

- Ağciyərlərin kompüter tomoqrafiyasından (KT) keçmək üçün özəl klinikaya getdim. Bu səfərin mənim üçün nə qədər ağır olduğunu xatırlayıram: hətta danışa bilmirdim - tam zəiflik, qızdırma, nəfəs darlığı... Ağciyərlərin müayinəsində ikitərəfli sətəlcəm, ağciyərlər ətrafında maye toplanması və "mat şüşə" sindromu aşkarlandı. Həkim 99 faiz mənim COVID-19-a yoluxdumuğu dedi.

Anlamaq lazımdır ki, KT koronavirusun ən etibarlı diaqnostikası hesab olunur, çünki "mat şüşə" sindromu ağciyərlər üçün belə nəticələrə gətirib çıxarır.

- Sizə müalicə təyin edildi?

- KT nəticələrini götürüb, tanış terapevtə müraciət etdim. Çox yaxşı həkimdir, ona hədsiz minnətdaram - həqiqi mənada məni o dünyadan geri qaytardı. İlk gündən ona etibar etdim və müalicə rejiminə əməl etdim. Düşündüm ki, nə olacaqsa olacaq. O, dərhal mənə təlaşa düşməməyi və dediklərinə tam riayət etməyi tapşırdı. Müalicə antibiotik sisteminə əsaslanırdı.

Həkim müalicə oluna bilməyəcəyindən narahat idi, amma müalicənin başlamasından sonrakı üçüncü gün özümü daha yaxşı hiss etdim və temperaturum aşağı düşdü. Antibiotik terapiyasından sonra vitamin kompleksi infuziyaları oldu.

Dünən rentgendən keçdim, ağciyərlərimin təmiz olduğunu göstərdi. Beləliklə, bu xəstəliyin öhdəsindən gəldim.

- Ailə üzvləriniz yoluxmadılar?

- Şükür Allaha ki, yox. Ayrı otaqda idim. Mənzil tez-tez xlor və spirtlə dezinfeksiya edilir, otağın həmçinin havası dəyişilirdi.

- İndi özünüzü necə hiss edirsiniz?

- Əvvəlki kimi olmasa da, zəiflik hiss edirəm. Əvvəl hətta otaqdan otağa keçə bilmirdim; indi şükür Allaha, gəzirəm.

- Xroniki xəstəlikləriniz varmı? Adətən, gənclər virusu asanlıqla keçirirlər.

- Xeyr, mən sağlamam. Düzdür, bundan əvvəl pəhrizdə idim, bəlkə bu, immunitetimi zəiflətdi. Əminəm ki, kondisioner də koronavirusa yoluxmağıma şərait yaratdı.

- İnsanlar xəstəliklərə inanmırlar, bununla da özlərini və sevdiklərini təhlükəyə atırlar.

- Bəli, elədir. Sosial şəbəkələr vasitəsilə insanlara həqiqətən virusun mövcudluğunu çatdırmağa, oxşar vəziyyətlə qarşılaşanlara isə məsləhət verməklə köməyə çalışıram.

Milli.Az