"Onlar Ermənistan reallıqlarını dərk etdikcə yanıldıqlarını başa düşürlər"

29 İyun 2020 15:09

"Prezident İlham Əliyevin çıxışında bir neçə məqam xüsusi diqqət cəlb edir ki, onlardan biri qanunsuz məskunlaşmadır".

Bunu Milli.Az-a açıqlamasında politoloq Nəzakət Məmmədova iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyevin söylədiyi "İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya son qoymalıdır" fikirlərini şərh edərkən deyib.

O bildirib ki, Ermənistan hökumətinin danışıqlar prosesində Şuşanın və Laçının statusunu xüsusi diqqətdə saxlaması Suriyadan olan erməni qaçqınlarını adıçəkilən rayonlarda məskunlaşdırmağa vadar edib:

"Yaxın Şərqdə münaqişə başlayanda Suriyada 100 min erməni yaşayırdı. 2012-ci ilin əvvəllərindən başlayaraq Ermənistan öz ərazisində Suriyadan olan erməni qaçqınlarını qəbul etməyə başladı. Onlar ilk əvvəl ermənilərin Kaşataq adlandırdığı və Laçın, Qubadlı, Zəngilan rayonlarının ərazilərindən təşkil edilmiş rayonda məskunlaşıblar. Bir çox suriyalı erməni burada yaşamaq istəsə də, sonradan iş tapmaq ümidilə Yerevanda qalmağa üstünlük veriblər. Qarabağa köçürülənlər isə yaşayış yeri və torpaq sahəsi ilə təmin olunublar. Məhz Laçın rayonunda daha çox erməni qaçqının məskunlaşmasını ermənilər vətənpərvərlik hissləri ilə izah etməyə çalışırlar. Lakin mülayim iqlimə malik olan Suriyadan nisbətən sərt iqlimi olan əraziyə köçən ermənilərin ilk vaxtlar mühitə uyğunlaşmağa çətinlik çəkməsi ehtimal olunur. Ermənistan hökumətinin danışıqlar prosesində Şuşanın və Laçının statusunu xüsusi diqqətdə saxlaması onları məhz adıçəkilən rayonları məskunlaşdırmağa vadar edib. Ermənistan hökuməti ilə yanaşı bir sıra yerli və beynəlxalq QHT-lər qeyri-qanuni məskunlaşdırma prosesində fəal iştirak ediblər.

Suriyadan Ermənistana 15-20 min qaçqının gəldiyi bildirilir. Lakin onların bir hissəsi Qarabağdan getmək qərarına gəliblər, belə ki, həmin şəxslərə ayrılan pullar ayrı-ayrı məmurlar tərəfindən mənimsənilib. Eyni zamanda, onların əllərində olan pullar əllərindən alınıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına görə, Suriya münaqişəsi başlayandan bəri bu ölkədən Ermənistana 15 min erməni köçüb. Ermənilərin Suriyadan Ermənistana axını 2012-ci ildə başlanıb. Həmin vaxt 6,5 min erməni gəlib. 2013-cü ildə - 11 min, 2015-ci ildə - 15 min erməninin köçdüyü məlumdur. Ermənistan cəbhə xəttini canlı qüvvə ilə təmin etmək iqtidarında olmadığından səngərlərdə muzdla kasıb təbəqədən olan cəbhəyanı ərazilərin sakinlərinin yerləşdirilməsi təcrübəsi geniş yayılıb. Lakin yerli ermənilər kifayət qədər təhlükəli olan bu işdən imtina etdikləri üçün suriyalı qaçqın ermənilərin həmin sahəyə cəlb edilməsi istisna edilmir. Qarabağın statusunun qeyri-müəyyən olması səbəbindən Ermənistan hökuməti köçürmə siyasəti həyata keçirdiyini məxfi saxlamağa üstünlük verir. Azərbaycanın etiraz notası verməsindən sonra erməni rəsmiləri bildiriblər ki, Suriya erməniləri Qarabağda öz iradələri ilə yerləşiblər və bu, Ermənistan hökumətinin təşəbbüsü deyil. Ermənistan və Dağlıq Qarabağın xeyriyyə təşkilatları gələnlərə yardım məqsədilə bir sıra proqramlar həyata keçiriblər. Məsələn, bunların arasında Livanın "Artsaxfond" proqramı üç və daha artıq uşağı olan ailələrə mal-qara əldə etməyə yardım edir. Ermənilərin aylıq gəlirlərindən narazı olması, habelə, qida çatışmazlığından şikayət etdikləri məlum olub. Eyni zamanda, Suriyadan qaçan türk-müsəlmanlar Azərbaycanda məskunlaşmaq arzularını bildiriblər. "Daşnaksütyun" partiyasının Suriya erməniləri ilə bağlı xüsusi komissiya yaratması məlumdur. Erməni qaçqınlarının Qarabağa köçürülməsinin əsas təşəbbüskarlarından birinin məhz bu təşkilat olması qeyd edilir".

Xanım politoloq qeyd edib ki, Suriya ermənilərinin Azərbaycanın işğal altındakı torpaqlarına köçürülməsi geniş şəkildə həyata keçirilsə də, bir sıra erməni ekspertləri bunun perspektivsiz addım olduğunu vurğulayırlar:

"Britaniyanın "Hərb və Sülhün İşıqlandırılması" (IWPR) institutunun hesabatına görə, Suriya ermənilərinin adıçəkilən bölgəyə köçürülməsi geniş şəkildə həyata keçirilir. Lakin bir sıra erməni ekspertləri bunun perspektivsiz addım olduğunu vurğulayırlar. Misal olaraq bundan əvvəl Livan ermənilərinin Qarabağa köçürülməsini, lakin sonradan geri qayıtması nümunə göstərilir. Eyni zamanda, Ermənistan və Dağlıq Qarabağın separatçı hakimiyyətinin qaçqınları burada yerləşdirmək üçün potensial və resurslarının olmadığı önə çəkilir. Buna təsir edən amillərdən birinin də Dağlıq Qarabağda vəziyyətin qeyri-sabitliyi, Azərbaycanla müharibənin başlanılması təhlükəsidir. Ermənistan hökuməti qeyri-qanuni məskunlaşdırma siyasəti apararaq ölkə daxilində və Qarabağda mövcud olan demoqrafik böhranı aradan qaldırmağa ümid edir.

Məlumatlara görə, Suriya, İraq və Livanda Ermənistan hökuməti tərəfindən xüsusi ofislər yaradılıb. Burada Ermənistana və Dağlıq Qarabağa köçmək istəyən ermənilərə çox qısa müddətdə şəxsiyyət vəsiqəsi, pasport və vətəndaşlıq, eyni zamanda sığınacaq verilməsinə dair sənədlər verilir. Ermənistan hökuməti onları "qaçqın" deyil, "öz tarixi vətənlərinə geri dönən diaspora nümayəndələri" adlandırır. Bu, yəhudilərin İsrailə qayıtmasının təşkilinə bənzər prosesdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının suriyalı erməni qaçqınlara yardım etməsi məlumdur. Lakin mikrokreditlərin verilməsinə, tibbi yardım, təhsil, hüquqi məsləhət, müvəqqəti maliyyə yardımı göstərilməsinə baxmayaraq, resursların məhdudluğu buna mane olur. Komissarlığın rəyinə əsasən, ER-ə və Dağlıq Qarabağa köçən ermənilər depressiya vəziyyətinə düşürlər. Onlar hökumətdən və yerli əhalidən gözlədiklərinin əksinə olaraq daha az diqqət və qayğı görürlər. Ermənistan reallıqlarını dərk etdikcə yanıldıqlarını başa düşürlər.

Ermənistanda əməkhaqlarının aşağı olması və qiymətlərin bahalığı onları başqa ölkələrə üz tutmağa vadar edir. BMT ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və Avropa Birliyi də yardım edirlər. AB bu məqsədlə 50 min avrodan çox vəsait ayırıb. Habelə, "Suriya ermənilərinin inteqrasiyasına yardım" adlı proqram hazırlamışdır. Layihənin məqsədi Suriya ermənilərinə erməni cəmiyyətinə uyğunlaşmağa yardım etməkdir. BQXK Ermənistan və Avstriya nümayəndəlikləri qaçqınlara maddi yardım edir, onlara öz bizneslərini qurmağa kömək edir. Suriyadakı erməni icması nümayəndələrinin bəzi üzvlər və rəhbərləri Dağlıq qarabağda və Ermənistanda yerləşdirmə siyasətinə qarşı çıxırlar. Hələbdəki Erməni Apostol Kilsəsinin yeparxiyası hesab edir ki, ermənilərin Suriyadan kənara axını icmanın zəifləməsinə səbəb ola bilər. Onlar belə şəxslərə heç bir yardım etməyəcəklərini bəyan ediblər".

"Prezident İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də, işğal olunmuş ərazilərdə tarixi abidələrimizə qarşı vandalizm aktlarıdır. Azərbaycanın işğal altındakı torpaqlarda ermənilər təbii sərvətlərimizi vəhşicəsinə istismar etdikləri azmış kimi, maddi sərvətlərimizi - bu torpaqların Azərbaycana məxsus olduğunu isbat edən tarixi abidələrimizi də yerlə-yeksan edib, yaxud da oradakı bizə məxsus qədim tarixin izini itirmək üçün özünə sərf edən şəkildə təhrif edib. Bu və digər hallar Azərbaycan prezidentinin fikirlərini təsdiq edən bir neçə bariz nümunədir. Lakin problem daha geniş və dərindir, Qarabağ məsələsinin tezliklə ədalətli həlli bütün bu qanunsuzluqların aradan qaldırılması üçün zəruridir", - Nəzakət Məmmədova deyib.

Təhməz Təkin
Milli.Az