"İşimiz hökuməti şərləməkdir" - Milli Şura etiraf etdi - VİDEO

29 İyun 2020 17:09

"Əşşi, nə qoyub, nə axtarırsan? Bizim işimiz bəyəm hökuməti şərləmək deyil?!" Guya sarkazm və ironiya ruhlu olan bu açıqlama əslində, etirafdır. Məqamlar var ki, onlar deyilmir. Məqam var ki, onlar zarafatla söylənir. Və məqam var ki, onu ironiya ilə söyləyn adam əslində davranışını, mövqeyini, istəyini və məramını ortaya qoyur.

Müxalifət düşərgəsində olduqlarını deyərək müxalifətdən çox kənar olan, məntiqə, siyasi əxlaqa və ümumiyyətlə, reallığa müxalif olanlar üçün siyasi yaşam hesab etdikləri mövcudluğun bir qanunu var: mümkün qədər çox yalan danışmaq.

Yalanı da özləri səviyyəsində, özləri boyda və özləri kimi danışırlar.

"Milli Şura" adlanan, millətdən çox uzaq, Şuradan daha çox Şura xalanın skamyada qonşu arvadlarla qeybətinə bənzəyən əməlləri ilə olmayan adını özündən çıxarmış qurumuş "Koordinasiya Şurası" - lap olsun Mərkəz - dedikləri bir strukturu var.

Koordinasiya etdiklərini düşünən, əslində isə tam bacarıqsızlıq, siyasi korafəhmlik və yarıtmazlıq nümunuəsi olan bu məclisi-iftiranın hər toplantısı sosial şəbəkələrdə lağlağı, tənqid, şəbədə və ələsalma səbəbinə çevrilir.

Vəsilə bəsit, aydındır: ABŞ-da sığınacaq tapmış Cəmil Həsənlinin guya rəhbərlik etdiyi, əslində isə AXCP sədri və bloqer Əli Kərimlinin tam nəzarətində olan "Milli Şura"nın Zoom proqramı vasitəsilə keçirdiyi virtual torlantılarının görüntüləri gerçəkdən də, utancvericidir.

Sosial şəbəkələrdə yayılmış son videogörüntü isə ümumiyyətlə, rüsvayçılığın pik nöqtəsi, siyasi mənəviyyatsızlığın yuxarı ekstremumudur.

Riyakarlığı və şər atmanı siyasi fəaliyyət paradiqmasına çevirən bu kəslərin danışdıqlarını dinlədikcə ölkədəki radikal müxalifətin hər hansı perspektivdən ümumiyyətlə, məhrum olduğunu aşkar edir.

Məsələn, son videogörüntüdə, Ostap Bender demişkən, "siyasi baxımdan bisavad" olanların söhbəti sanki sirkin getdiyindən bixəbər kapusinlərin laqqırtısı idi.

Vahid Məhərrəmli buyurur ki, bəs, sən demə, koronavirus pandemiyası ilə bağlı olaraq hər vətəndaşa 190 manat yox, 500 manat ödənməlidir: "Biz bunu görüntü üçün də olsa ona görə deməliyik ki, xalq da görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq"

Daha sonra Qənimət Zahid şikayətənir ki, Rəhim Hacıyev "Zoom" toplantılarına az hallarda qatılır, passivdir: "Rəhim bəy, sus! Koordinasiya Mərkəzindən xahiş edirəm ki, Hacıyev barəsində qərar versin".

Təklif müzakirəyə qoyulan kimi radikal müxalifətin Mata Xarisi olan Gültəkin Hacıyeva özünə, sözünə və ampluasına sadiq qalaraq şit zarafatlarını sıralamağa başlayır. "Saçı yoxdu, ona görə çıxmır. Vidadi müəllim "simpatiç"nıdı, ona görə çıxır".

Daha sonra Qənimət Zahidə irad tutulur ki, Azərbaycanda devalvasiyaların vaxtını səhv salır. Bunu Rəhim Hacıyev irad kimi bildirəndə Q.Zahidovun cavabı belə olur: "Əşşi, demişəm də, nə olsun?! Bizim işimiz hökuməti şərləməkdi".

"Müzakirə"nin tragikomediya təsiri bağışlayan məzmununu qoyaq bir kənara.

AXCP sədri Əli Kərimli və ətrafındakılar, habelə "sədr"in sosial şəbəkələrdəki trolları israrla təkrarlayırlar ki, onların partiyası ilə "Milli Şura" ayrı-ayrı təşkilatlardır. Əli Kərimlinin gündəlik müsahibələrində bir fikir də refren kimi təkrarlanır: "Milli Şura"nın bizə aidiyyatı yoxdur".

Xub, belədirsə, onda "Milli Şura"nın rəhbərliyində təmsil olunmuş Əli Kərimli, Vahid Məhərrəmli, Qənimət Zahidov, Rəhim Hacıyev kimlərdir? Bəyəm onların AXCP ilə heç bir əlaqəsi yoxdur?!

"Milli Şura" adlı kvazisiyasi struktur əslində "sədr" qismində Cəmil Həsənlinin rol ifa etdiyi, Gültəkin Hacıyevanın marazmatik bəyanatları ilə rüsvay etdiyi, AXCP-nin isə tam dəstəklədiyi qurumdur. Eyni zamanda bu qruplaşma Əli Kərimlinin müxalifət düşərgəsində müxtəlif birləşmə və qopma prosedurlarında istifadə etdiyi, gələcəkdə isə daha aktiv yararlanmaq niyyətində olduğu oyuncaqdır.

...İstənilən ölkənin iç siyasətində qaragüruh olur. Niyyəti qara, istəkləri məkrli olan belə dəstələr ölkə üçün nə qədər pis olarsa, özlərini o qədər yaxşı hiss edəcəklərinə maniakal əminlik nümayiş etdirirlər.

"Milli Şura" isə qaraguruhun ən primitiv, şoulaşmış forması olduğundan ən yaxşı halda narıncı güruh ola bilər.

Bu isə razılaşaq ki, əməlli binəsiblik və siyasi zavallılıqdır.

Elçin Alıoğlu
Milli.Az