Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi təkmilləşdirilib
16 Dekabr 2011 17:35
Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsini dekabrın 16-da keçirilmiş iclasında ikinci oxunuşda müzakirə olunub.
AzərTAc-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov deyib ki, layihənin parlamentdə birinci oxunuşunun müzakirəsi zamanı bir sıra səmərəli rəy və təkliflər səslənib. İşçi qrupu bu təklifləri qruplaşdıraraq bir daha nəzərdə keçirib, qanun layihəsi əsaslı surətdə təkmilləşdirilmişdir. Layihə ikinci oxunuşun tələblərinə tam cavab verir.
Bildirilmişdir ki, qanun layihəsi Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrə və ölkə qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyənləşdirəcək.
Qanun layihəsində hərbi məktəblərdə kursantların statusunun möhkəmləndirilməsi məsələsi də əksini tapıb.
Çıxış edən deputatlar ölkəmizin təhlükəsizliyi və inkişafı baxımından layihənin mükəmməl hazırlandığını bildiriblər.
Layihədə vətəndaşların hərbi qeydiyyatı, hərbi qeydiyyat üzrə vəzifələri, gənclərin hərbi xidmətə hazırlanması, həqiqi hərbi xidmətə çağırış, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi və çağırışdan azad etmə, hərbi xidmətkeçmə, ehtiyatda xidmət və digər məsələlər əksini tapıb.
Sonda layihə parlamentin müzakirəsinə tövsiyə olunub.
Milli.Az