İslam dinində qəbir ziyarəti ən çox təkid edilən mövzulardan ibarətdir. Qəbir ziyarəti hər iki tərəf üçün - həm ziyarət edilən (ölünün ruhu), həm də ziyarət edən üçün faydalıdır. Mərhumun ruhu edilən dualardan faydalanır və savab qazanır. Çünki insan öldükdən sonra əməl dəftəri bağlanır. Onun ruhuna yalnız həyatı boyunca etmiş olduğu və müsbət təsiri sonralar da davam edən xeyir əməllər və sair insanların onun haqqında etdiyi xeyir-dualar fayda verə bilər. Bu xeyir-dualara və rəhmət istəklərinə uyğun olaraq ölünün ruhuna bəzi rahatlıqlar verilir və əzabı azaldılır. Qəbir ziyarətinin diri insanlara faydası budur ki, onlar qəbristanlığı ziyarət edərkən ölüm barədə düşünür, etdikləri əməllərə görə mütləq cavab verəcəklərini yada salır və öz məsuliyyətlərini bir daha dərk edirlər.
Milli.Az islam.az-a istinadən bildirir ki, qəbir ziyarəti ilə bağlı mühüm mövzulardan biri də ziyarətin vaxtıdır. Qəbir ziyarətini nə zaman yerinə yetirmək bəyənilir və əksinə, bəyənilmir? Öncə bunu qeyd edək ki, bu müstəhəb əməli hər zaman, ayın və həftənin hər günündə etmək gözəldir. Xüsusilə, əlamətdar günlərdə, bayramlarda qəbir ziyarətinə getmək yaxşı işdir. Yeganə istisna gecə saatlarına aiddir. Hədislərdən məlum olur ki, məzarlığı gecə vaxtı ziyarət etmək bəyənilmir. Bunu onunla izah edirlər ki, gecələr möminlərin ruhu Vadiyüs-salama (Nəcəf şəhərindəki məşhur məzarlığa) toplanır və onların qəbirlə əlaqəsi kəsilir. (Kafirlərin və günahkarların ruhu isə Yəməndəki Bərəhut vadisinə aparılır). Bunun bir səbəbi də o ola bilər ki, gecə vaxtı qəbir ziyarətinə gedən şəxsdə qorxu və qarabasmalar yarana bilər, bu da onun psixoloji durumuna mənfi təsir edər.
Bəyənilən vaxtlara gəlincə, bu barədə də mənbələrdə bəzi məlumatlara rast gəlirik. Dini kitablarda qeyd edilir ki, qəbir ziyarətinin daha çox bəyənilən vaxtları həftənin cümə axşamı günün ikinci yarısı, cümə günü fəcrdən (sübh azanından) gün çıxana kimi, şənbə günü və bazar ertəsi günüdür.
Hədislərdən məlum olur ki, Həzrət Fatimeyi-Zəhra (ə) atası Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra yaşadığı müddət ərzində onun qəbrinin ziyarətinə adətən həftənin bəlli günlərində gedərdi - həftənin şənbə günü əsrdən sonra (axşamüstü) və həftənin bazar ertəsi günü (Şeyx Küleyni. Əl-Kafi, 3-cü cild, səh. 228).
Digər məlumata görə, Həzrət Fatimə (ə) cənab Həmzənin və başqa Ühüd şəhidlərinin qəbrini hər həftənin şənbə günü səhər tezdən, gün çıxana kimi ziyarət edərmiş (Şeyx Səduq. Mən la yəhzuruh əl-fəqih, 1-ci cild, səh. 180, hədis 537). Eyni məlumatı Şeyxüt-taifə Tusi də "Təhzib əl-əhkam" kitabında İmam Cəfər Sadiqdən (ə) rəvayət etmişdir (Şeyx Tusi. Təhzib əl-əhkam, 1-ci cild, səh. 450, hədis 1522/168).
Həzrət Mühəmməd Peyğəmbərin (s) hər həftənin cümə axşamı günü, günün ikinci yarısında səhabələrlə birlikdə Bəqi məzarlığını ziyarət etməsi barədə məlumat vardır (İbn Qovləveyh. Kamil əl-ziyarat, səh. 529-530, hədis 811).
Qəbir ziyarətinin vaxtı ilə bağlı əsasən, bir neçə hədisə istinad edirlər. Həmin hədislərdən birini aşağıda qeyd edirik:
Abdullah ibn Süleyman rəvayət edir ki, İmam Mühəmməd Baqirdən (ə) qəbirləri ziyarət (etməyin vaxtı) barədə soruşdum. Cavabında buyurdu: "Cümə günü onları ziyarət et. Çünki onlardan (ölülərdən) hansı biri çətinlik içində olsa, onlara genişlik (rahatlıq) verilər. Sübh açılandan (fəcrdən) gün çıxana kimi müddət ərzində onlar bütün gün ərzində yanlarına kimin gəldiyini bilərlər. Gün çıxanda isə onlar (özbaşına) buraxılarlar". Abdullah deyir ki soruşdum: "Onlar yanlarına kimin gəldiyini bilib sevinərlər?" İmam cavab vedi: "Bəli (sevinərlər) və (ziyarətçilər onların qəbrindən) ayrılanda da qorxarlar" (Şeyx Hürr Amili. Vəsail əl-şiə, 7-ci cild, səh. 415, hədis 9732).
Bu hədisi mərhum Əllamə Mühəmməd Baqir Məclisi "Bihar əl-ənvar" kitabının 6-cı cildində (ölüm haqqında olan bablar, səh. 256, hədis 88) Şeyxüt-taifə Tusinin "Əmali" kitabına istinadən vermişdir. Hədisi qeyd etdikdən sonra Əllamə Məclisi ona qısa bir şərh də yazmışdır. Əvvəla¸ bunu qeyd edək ki, hədisin mətnindəki "süda" kəlməsi özbaşına buraxılmaq, öz ixtiyarına qoyulmaq mənasında işlədilir. Qurani-Kərimin "Qiyamət" surəsinin 36-cı ayəsində də bu sözə rast gəlirik: "Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!"
Əllamə Məclisi yazır ki, hədisdən bu məna çıxır: Onlar (ölülər) cümə günü gün çıxandan sonra da əzabdan azad olunub buraxılırlar. Yaxud bu məna alınır ki, onlara cümə günü sərbəstlik verilir. Ya da belə məna çıxır ki, cümə günü onların ziyarət edilməsi buna (sərbəst buraxılmalarına) səbəb olur.
Milli.Az