Pirşağı qəsəbəsinin yol infrastrukturu tam olaraq yenilənəcək

19 İyun 2020 17:42

Dövlət başçısının tapşırığına əsasən, rahat gediş-gəlişin təmin olunması üçün vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Sabunçu rayonu Pirşağı qəsəbəsində yol infrastrukturunun tamamilə yenilənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaxın günlərdə genişmiqyaslı təmir-tikinti işlərinə start veriləcək.

Agentlikdən Milli.Az-a bildirilib ki, anoloji işlər 2019-cu ildə rayonun Kürdəxanı qəsəbəsində aparılmışdı. Bu çərçivədə qəsəbənin 74 km-ə yaxın 124 küçəsi təmir olunmuşdu.

Ümumilikdə isə vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.

Milli.Az