Hyundai Genesis Coupe qayıda bilər, amma Genesis olaraq - FOTO

30 İyun 2020 21:30

Bir çoxları12 il bundan öncə debüt etmiş Hyundai Genesis Coupe modelini xatırlamalıdırlar - 306 at qüvvəli 3,8-litrlik V6 benzin mühərrikinə və effektiv dizaynı ilə seçilən kupe gənclər arasında çox populyar idi. Hyundai Genesis biznes sedanının platformasında yaradılan kupe arxa ötürməyə malik idi. Bu gün Hyundai ilk növbədə sedanları və krossoverləri ilə tanınır, Genesis isə artıq ayrı bir markaya çevrilib. Bununla belə, Hyundai şirkətinin məhsul planlaşdırması üzrə direktoru Skott Marqason Motor Trend nəşrinə verdiyi müsahibədə kupenin Genesis model xəttinə qayıda biləcəyini söyləyib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hələlik konkret layihənin olmadığına baxmayaraq, Marqason qərar yalnız ondan asılı olsaydı, belə bir modeli mütləq peyda olardı. Genesis Coupe modelinin ideoloji varisi, şübhəsiz ki, arxa ötürməli quruluşunu və altısilindrli benzin mühərrikini qoruyub saxlayardı və indi dəbdə olan elektrokara çevrilməzdi. Qeyd etmək lazımdır ki, 2015-ci ildə Genesis GT60-dan GT90-a qədər indekslərini patentləşdirib. Çox güman ki, bu adlar gələcək kupe üçün saxlanılır.

Milli.Az