16:02
"Bəzi saytlarda Azərbaycanda üç yaşlı uşağın koronavirusa yoluxması ilə bağlı məlumatlar yayılıb. TƏBİB ayrı-ayrılıqda koronavirusa yoluxan şəxslərlə bağlı araşdırma aparmır".
Milli.Az bildirir ki, bu barədə Oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.
O bildirib ki, insanlar arasında koronavirusa yoluxmasına dair məlumatlar ola bilər:
"M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında, digər pandemiya xəstəxanalarında da koronavirusa yoluxan 2017-ci il və başqa təvəllüdlü şəxslər ola bilər. Yoluxma ilə bağlı yaş məhdudiyyətlərinin olmadığına dair dəfələrlə məlumat verilib. Bu, yenilik deyil.
Həmin şəxslərin ailə üzvlərinin karantinə alınması məsələsinə gəlincə, birmənalı şəkildə elan etmişik ki, əgər vətəndaşdan COVID-19-a qarşı test götürülübsə və nəticələri müsbət çıxıbsa, həmin şəxsin müalicəsinə dərhal başlanılır. Ailə yaxınları, eləcə də yaxın ünsiyyətdə olduğu şəxslərdən koronavirusa görə test götürülür. Testin cavabları məlum olana qədər isə həmin şəxslər ev şəraitində izolyasiya edilirlər".
Xatırladaq ki, bu gün bəzi media orqanlarında üç yaşlı uşağın koronavirusa yoluxduğu ilə bağlı məlumatlar yayılıb.
----------
12:44
Azərbaycanda üç yaşlı uşaq koronavirusa yoluxub.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, hazırda onun müalicəsi M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında aparılır.
Bildirilir ki, 2017-ci il təvəllüdlü oğlan uşağı bir həftədir ki, xəstəxanadadır:
"Gətirildiyi vaxt uşağın vəziyyəti ağır idi, indi isə stabil olaraq qiymətləndirilir. Uşağın digər ailə üzvləri də karantinə alınıblar".
Milli.Az