Koronavirusa yoluxan 27 yaşlı azərbaycanlı: "Məndən keçib, mən artıq..." - ÖZƏL MÜSAHİBƏ - FOTO

17 İyun 2020 12:41

3 gün əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 387 şəxs arasında Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Nicat Əzimli də var idi. 

Hazırda çalışdığı xəstəxanada müalicəsi davam etdirilən gənc infeksionist Milli.Az-ın suallarını cavablandırıb:

"Koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanada çalışırdım. Özüm həkim-infeksionistəm. Hardasa mart ayından etibarən orta-ağır, ağır vəziyyətdə olan koronavirus xəstələri ilə işləmişəm. May ayının 1-dən isə öz işlədiyim xəstəxanadan Mərkəzi Neftçilər Xəstəxanasına ezam olunmuşam. Neftçilər Xəstəxanasında hər gün 12 saat koronavirus xəstələrinin içində olmuşam., fasiləsiz işləmişik. Aktiv virus saçan xəstələrin içində olmuşuq. Yoluxma riski yüksək idi. Nə qədər qorunsaq da yoluxan həkimlərimiz, tibb işçilərimiz olurdu. Bu dəfə də növbə mənə çatdı". 

İlk olaraq COVİD-19 virusunun hansı simptomlarını özünüzdə hiss etdiniz?

- Məndə ilk öncə zəiflik əlamətləri var idi. Düzdür, ayaq üstə o vəziyyətdə tam da əlaqələndirə bilmirdim. Düşünürsən, yorğunluqdan olar. Bizim işimiz onsuz da ağırdır. Amma bir müddət temperaturum yüksəlməyə başladı, boğazağrısı başladı. 

Simptomları daha güclü hiss etməyə başlayanda ilk nə etdiniz?

- Özümü dərhal, tam izolyasiya etdim. Heç kəsə yaxın getmədim. Testi verib, nəticəsini gözlədim. Rentgen müayinəsində ciyərlərimin vəziyyətini görən kimi, testin nəticəsi "müsbət" çıxan kimi öz xəstəxanamızda dərhal hospitalizə olundum. 

İndi müalicəniz harada davam etdirilir?

- İndi də Mərkəzi Neftçilər Xəstəxanasındayam, burada müalicə alıram. Müalicənin nəticəsi ilk günlərdən özünü göstərməyə başladı. Çünki çox yüksək hərarətim var idi, biraz nəfəs darlığım yaranmışdı. Hazırda bu əlamətlər daha da yüngülləşib. Temperaturum demək olar ki, olmur. Özümü daha yaxşı hiss etməyə başlamışam. Bu, vaxtında, tez üstünə düşməyin əhəmiyyətini göstərir. Koronavirusun müalicəsini gecikdirməyəsən gərək. Əgər özündə bu simptomları hiss edirsənsə özünü tam izolyasiya etmək lazımdır ki, ətrafındakı insanlara təhlükə yaratmayasan. 

Koronavirusa yoluxan insanın sağalması üçün ən vacib məsələ nədir?

- Yaş faktoru önəmli rol oynayır. 27 yaşım var, mənim immun sistemim daha güclüdür. Bu vəziyyətdə olan yaşlı bir xəstə qısa bir müddətdə ağırlaşıb ölümlə üz-üzə gələ bilər. Dəfələrlə bunun şahidi olmuşuq. Bir çox xəstəmizi təəssüf ki, itirmişik. Bu xəstəlik yüngül xəstəlik deyil. 

Təxminən nə qədər müddətdir ailə üzvlərinizi görmürsünüz?

- Haradasa may ayının 1-dən mən sırf karantin rejimində tam təcrid olunmuş xəstəxanadan işlədiyimdən bəri. Ondan öncə müşahidə xəxtəxanasında işlədiyim üçün o zamanlar evə gedirdik. May ayının 1-dən tamamilə evdən uzaq düşmüşəm. 

Koronavirus xəstəliyinin varlığına inanmayan insanlara bir sözünüz var? 

- Yazdığım status bir az rezonans doğurdu. Statusda "Xahiş edirəm bizə inanın" demişdim. Amma bu sözü belə lağ-lağı obyektinə çevirən bəzi insanlar oldu. Halbuki mən bunu insanların öz xeyri üçün deyirdim. Məndən keçib, mən artıq bu xəstəliyi keçirtmişəm. Ailəmi, öz ətrafımı qoruyuram. İnsanları düşünərək o müraciəti etmişdim. Çünki göz qabağındadır, mən bu mənzərənin içərisindəyəm, şahidiyəm. Koronavirusa yoluxan insanlara xəstəxanalarda yer tapmaqda çətinlik çəkirik. Yardım etməyə çatdırmaqda tibb işçiləri çox çətinlik çəkirlər. Bu qədər ağır xəstəylə işləmək çox çətindir. Mən bu xəstəliyin sayının azalması üçün o müraciəti etmişdim ki, insanlar özlərini qorusunlar. Burada inanmaq və inanmamaq məsələsini bir kənara qoysaq, maska taxmaq elə çətin bir iş deyil. Elə fikirləşsinlər ki, qaydalara əməl etməklə ola biləcək ehtimaldan özlərini sığortalayırlar. Burada ziyanımıza heç bir şey yoxdur. İnsanların sıx toplaşdığı yerlərdə çox olmamaq, bu dövrdə çox qonaq-qaralı olmamaq - Bunlardan bizim ziyanımıza nə var? Əslində son günlər hər şey göz qabağındadır. Yoluxma sayı artıb. İnanılmayası bir şey yoxdur, göz önündədir.

Sağaldıqdan sonra işinizə davam etməyi düşünürsünüzmü?

- Əlbəttə. Mütləq şəkildə davam etməyi düşünürəm. 

Qeyd edək ki, Nicat COVİD-19 virusuna yoluxduğunu sosial şəbəkə hesabından "Dünənki 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdu deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah, görüşmək ümidilə" statusu ilə xəbər vermişdi.

Təhməz Təkin
Milli.Az