Azərbaycanda "Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları" layihəsinin təqdimatı keçirilib
15 Dekabr 2011 15:42
Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində beynəlxalq auditor şirkətlərinin ekspertlərinin, Vergilər Nazirliyinin mütəxəssislərinin, eləcə də azərbaycanlı iş adamlarının iştirakı ilə "Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları" layihəsinin təqdimatı keçirilmişdir.
Nazirliyin Analitik-informasiya şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, layihənin məqsədi beynəlxalq və regional təşkilatları, ekspertləri cəlb etməklə Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları, həmçinin Azərbaycan Respublikası ilə Avropa Birliyi ölkələri arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli müqavilələr barədə Azərbaycanın iş adamlarına məlumat verməkdir.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov layihəni tədbir iştirakçılarına təqdim etmişdir. Vergilər Nazirliyinin mütəxəssisləri, o cümlədən "Ernst & Young" və "Deliotte & Touche" beynəlxalq auditor şirkətlərinin ekspertləri müxtəliv mövzularda təqdimatlarla çıxış etmişlər. "Ernst & Young" şirkətinin ekspertləri Arzu Hacıyevanın, Zaur Qurbanovun və Ruslan Mikayılovun "Avropa Birliyinin vergi qanununun əsas prinsipləri, şirkət formaları və korporativ verginin gələcəyi", "Avropa Birliyində bərabərlik prinsipləri" və "Avropa Birliyində korporativ vergi direktivləri" mövzularında çıxışları maraqla qarşılanmışdır. "Deliotte & Touche" auditor şirkətinin ekspertləri Tural Tağıyev və Emil Qarayev isə "Holdinqlərin rejimləri: Nə? Necə? Harada", "Nümayəndəlik və daimi nümayəndələr" mövzusunda təqdimatlar etmişlər.
Vergilər Nazirliyinin mütəxəssisləri tədbir iştirakçılarını Avropa Birliyində biznesin qeydiyyatı və vergi mühiti sahəsində aparılan siyasətlə tanış etmiş, "Avropa Birliyinə üzv dövlətlərin hüquqi şəxslərin reyestr şəffaflığı və hüquqi statusları", "Azərbaycan Respublikası və Avropa Birliyi dövlətləri arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr şəbəkəsi", "Dörd əsas sərbəstlik: malların, insanların (Şengen), maliyyənin və xidmətlərin sərbəst hərəkəti" mövzularında təqdimatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
İki gün davam edən tədbir fəal müzakirələr şəraitində keçib.
Milli.Az