Niyaməddin Orduxanlı: ""Milli şura" rəhbərliyi öz antimilli simasını tam çılpaqlığı ilə nümayiş etdirdi"

16 İyun 2020 11:26

"Milli şura"nın videotoplantısında Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin Azərbaycan neftinin dünyada 14 dollara düşməsi ilə bağlı bir-birilərini təbrik etməsi və sevinməsi faktı biabırçılıqla yanaşı, onların əsil simalarını bir daha ortaya qoymuş oldu.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, bu davranış heç də təəccüblü deyil: "Şəxsən mənim üçün heç bir təəccüb doğurmadı. Çünki biz bir siyasətçi olaraq, hər zaman cəmiyyətə "milli şura"dakıların ölkənin ağır vəziyyətə düşməsi ilə bağlı fürsət gözlədiklərini və bununla bağlı fəaliyyət göstərdiklərini zaman-zaman açıqlamışıq. Onların necə ünsür və mənəviyyatdan kənar bir toplum olduğunu bildirmişik.

Gültəkin öz şəxsi mənafeyi üçün ölkənin qan içində boğulmağına razı olan və əqidəsini bir mandata görə satanların başında durur. Cəmil Həsənli adını ziyalı qoyub. Bu adama ziyalı sözünü demək belə ayıbdır. Hansı ziyalı ölkənin 40-dan çox partiya sədrini o cür təhqir edər?! Nə yaşından, nə başından, nə saqqalından, nə də ABŞ-a köçəndən bəri saxladığı bığından utanmadı.

Hakimiyyət nümayəndəsi ilə bir masa arxasından oturub, ölkənin siyasi gündəmini müzakirə edənləri ən ağır formada təhqir etdi. Ümumiyyətlə, ziyalı şəxs kimisə təhqir edər? Bu adamın ağzından üfunət yağır. Özünün kimliyini fikirləri ilə ortaya qoymuş olur. Bilirsiniz niyə neftin uçuzlaşmasına sevinirlər? Düşünürlər ki, belə vəziyyətdə ölkəmizdə sosial narazılıq arta bilər. Və bundan istifadə edib, hakimiyyət maraqlarını təmin etmiş olarlar.

Ancaq düşünmürlər ki, xalq bu cür ünsürlərin hansı yolun yolçusu olduqlarını yaxşı bilir. Azərbaycanın 70% budcəsi neft gəlirlərindən gələn gəlirlə formalaşır. Və hər kəs bilir ki, Azərbaycan neft ölkəsidir. Hər il büdcədən milyonlarla insan, təqaüdçü, müəllim, səhiyyə işçisi, əlil, zabit və s. kateqoriyalı insanlar əmək haqqı alır və öz ailələrini saxlayırlar. Buna sevinməkmi olar?! Milyonlarla insanın büdcəsinə dəyən ziyana hansı əxlaqla sevinmək olar?

Bunu yalnız Gültəkin və Cəmil Həsənli edə bilərdi. "Milli şura" rəhbərliyi öz antimilli simasını tam çılpaqlığı ilə nümayiş etdirdilər. Bir daha sübut olundu ki, Azərbaycana, xalqımıza nə qədər pisdirsə, bunlara o qədər yaxşıdır və hər zaman öz şəxsi maraqlarından çıxış ediblər. "Milli şura"da Əli Kərimli başda olmaqla sübut etdilər ki, bunların hədəfi hakimiyyət deyil, Azərbaycan dövləti və xalqıdır! Xalqın aclıq və səfalətə düşməsi üçün hər cür yaramazlığa əl atmağa hazırdılar".

Milli.Az