Axund nə deməkdir və dini mənbələrdə kimlərə axund deyilir?

14 İyun 2020 20:15

"Axund" sözünün fars mənşəli olduğunu yazırlar. Geniş yayılmış nəzəriyyəyə görə, bu söz fars dilində "oxumuş (savadlı) ağa" mənasını verən "ağaye-xunde" ifadəsindən alınmışdır. Adətən, dərin dini savadı olan şəxslərə "axund" deyirlər. Ənənəyə görə, axund molladan bir mərtəbə yüksək və daha bilikli sayılır. İslam coğrafiyasında məsciddə camaat namazına başçılıq edən, camaatın dini suallarını cavablandıran, kəbin kəsən, yas məclislərində moizə edən din alimlərinə axund deyilir. Hal-hazırda ölkəmizdə bu vəzifənin sahibləri "imam" adlanır.

İslam tarixində üsuli-fiqh elminin məşhur bilicisi, bu gün də mədrəsələrdə tədris edilən "Kifayət əl-üsul" kitabının müəllifi mərhum Ayətullahül-üzma Mühəmməd Kazim Xorasani (vəf. 1911) "Axund" və ya "Axund Xorasani" ləqəbi ilə tanınır. Axund Xorasani Nəcəf dini elmlər mərkəzinin böyük ustadlarından olmuş, onlarla müctəhidin, o cümlədən, bir neçə həmyerlimizin yetişməsində mühüm rol oynamışdır.

Milli.Az