Bu ölkədə zəif göstəriciləri olan şagirdlər üçün pandemiya ilə əlaqədar "yay məktəbləri" təşkil ediləcək

7 İyun 2020 02:30

Avstriyada tədris prosesində zəif göstəriciləri olan şagirdlər üçün koronavirus pandemiyası ilə əlaqədar xüsusi "yay məktəbləri" təşkil ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Federal Təhsil naziri Haynts Fassmann ilk dəfə həyata keçiriləcək tədris proqramını təqdim edib. Bildirilib ki, yay tətilinin son iki həftəsində baş tutacaq xüsusi kurslarda ölkə üzrə 40-42 min şagirdin iştirak edəcəyi gözlənilir. İyun ayının ortalarına kimi orta məktəblərin 1-8-ci sinif şagirdləri bu ödənişsiz kurslar üçün qeydiyyatdan keçə bilərlər.

Valideynlərə müraciət edən nazir bu kursların könüllülük prinsipi əsasında baş tutacağını və növbəti dərs ili başlamazdan öncə şagirdlərin biliklərini möhkəmləndirməyə xidmət edəcəyini söyləyib. Onun sözlərinə görə, "yay məktəbləri", ilk növbədə, miqrant ailələrin övladları üçün əlavə dəstək rolunu oynayacaq.

"Yay məktəbləri"ndə orta məktəb müəllimləri ilə yanaşı, pedaqoji ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri də dərs deyəcəklər. Şagirdlərin bu kurslarda iştirakı növbəti tədris ilində onların dərsə davamiyyətində müsbət göstərici kimi qiymətləndiriləcək.

Nazir, həmçinin bildirib ki, pandemiya dövründə tədrisdə yaranmış boşluqları doldurmaq üçün payızda əlavə məşğələ və kursların təşkili də nəzərdən keçirilir.

Milli.Az