"Verilən qərarların məcburi xarakter daşımasına baxmayaraq əhali bu xəstəliyə hələ də laqeydliklə yanaşır"

5 İyun 2020 12:33

Azərbaycanda koronavirusa yoluxma hallarının son günlər daha da artması hökuməti düşünməyə və bəzi sərt addımlar atmağa sövq edib. Təəssüflər olsun ki, yumşaldılma tədbirlərindən sonra vətəndaşlarımızın əksəriyyəti tərəfindən karantin qaydalarının ciddi şəkildə pozulması, onlara məhəl qoyulmaması bu məsələni yenidən gündəmə gətirib və narıncı zona adlandırılan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə nəticələnib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Bu günə kimi ölkə rəhbərliyi səviyyəsində birlik olaraq bu qlobal problemin aradan qalxmasında ciddi siyasi iradə ortaya qoyulub və vətəndaşlarımızdan pandemiya ilə əlaqədar qaydalara əməl edilməsi xahiş olunub. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hələ də verilən qərarların məcburi xarakter daşımasına baxmayaraq əhali bu xəstəliyə laqeydliklə yanaşır, maska taxmır və göstərilən qaydalara riayət etmir. Düşünürəm ki, bu yaxınlarda Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi vətəndaşlarımız üçün bir nümunə olmalı. Bütün bu görülən tədbirlərin ali məqsədi vətəndaşlarımızn sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətindədir.

Xüsusilə vurğulamaq istərdim ki, pandemiyanın ilkin dövrlərində yaşanan bəzi çətinliklər bu gün tam həllini tapıb. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin və Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı dövlətin bu sahədə nə qədər qərarlı olduğunun bariz sübutudur.

Biz hazırda bir cəmiyyət olaraq milli sınaqdan keçirik. Bu virusun qarşısının alınmasında bütün resurslar səfərbər olunur. Bir millət vəkili kimi vətəndaşlarımızdan xahiş edirəm ki, dövlət strukturlarında və özəl müəssisələrdə çalışan insanların iş yükünü nəzərə alaraq və bu pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərəri göz qabağına gətirərək bir daha düşünək və qaydalara əməl edək.

Milli.Az