"Erməni tərəfinin həyasızlığı özlərinə qarşı çox mürəkkəb bir vəziyyət yaradır"

4 İyun 2020 17:50

Son zamanlar biz ekspertlər, həm ictimai xadimlər tez-tez deyirik ki, bizim diplomatik addımlarımız daha heyranedici olmalıdır. Bu konteksdə Prezident İlham Əliyevin fəaliyyəti, sadəcə olaraq, bir nümunədir.

Bunu Milli.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov Tərtər Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirləri şərh edərkən deyib.

O, Prezident İlham Əliyevin Dağlıq Qarabağ mövzusu ilə bağlı son çıxışlarında nümayiş etdirdiyi hücumedici diplomatiya mövqeyini təqdir edərək düşmənlə çox sərt dildə danışmağın zamanının çatdığını bildirib:

"Əsl hücumedici diplomatiya buna deyərlər. Çünki hamımız bu səpkidə, bu istiqamətdə fəaliyyət göstərməliyik. Prezident İlham Əliyev çıxış edəndə həm tarixi aspektlərə toxunur, həm müasir dövrdə baş verən hadisələrə, həm, eyni zamanda, gələcəkdə atacağımız addımlar haqqında geniş şəkildə bəyanatlar verir. Əlbəttə ki, biz çox məkirli düşmənlə üzləşmişik və bu düşmənlə çox sərt dildə danışmaq lazımdır. Hətta diplomatik dil istifadə edəndə də o dil daha hücumedici olmalıdır. İrəvanın ermənilərə verilməsi ilə bağlı mən Prezidentin fikrləri ilə tam razıyam. Biz uzun müddət susmuşuq, bir şey deməmişik. Bu həqiqətləri açıqlamamışıq. Amma əslində, həqiqətən, İrəvan Azərbaycanın əbədi torpağıdır. Biz tərəfdən vaxtilə hədiyyə olunan bir torpaqdır. Ona görə də ermənilərin bu miflərini qırmaq, yarmaq lazımdır. Onlar uzun illər ərzində bir sıra kitabllar çap ediblər ki, orada da Naxçıvanı qədim erməni torpağı kimi qələmə verirlər və yaxud Gəncəni "Qancasar" kimi adlandırırlar. Hətta toponimlərə gələndə Ermənistanda bir sıra coğrafi adları da necə var, Azərbaycan, türk toponimləri ilə səslənsin". 

Politoloq Ermənistanın hakimiyyətinin beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu anladığı üçün danışıqlardan qaçdığını qeyd edib:

"Ermənistan indi pandemiya ilə bağlı çox çətin vəziyyətdədir. Amma onların bu inauqurasiya həyasızlığı, danışıqlarda üçüncü tərəfi istifadə etməsi, dəvət etməsi tam uydurmalardır. Bu uydurmalar faktiki olaraq miflər kimi uçub gedəcək. Vəziyyət o yerə çatıb ki, qondarma rejim Dağlıq Qarabağda "seçkilər" keçirəndə beynəlxalq təşkilatlar, hətta Minsk qrupunun həmsədrləri də bəyanatlarında daha sərt çıxışlar edirlər, daha sərt ifadələr istifadə edirlər. Deyrlər ki, Azərbaycanın ərazi bütövlüyü tanınır, eyni zamanda onu da əlavə edirlər ki, Dağlıq Qarabağ adlı bir qrum tanınmır və onlar bunu tanımaq fikrində də deyillər. Bunu açıq şəkildə bəyan edirlər. Görünür, erməni tərəfinin həyasızlığı özlərinə qarşı belə bir çox mürəkkəb vəziyyət yaradır. Erməni hakimiyyəti danışıqlardan ona görə çəkinir ki, başa düşürlər ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Əgər onlar tərəfindən işğal olunmuş heç bir torpaq tanınmırsa və Azərbaycanın ərazi bütövlüyü tanınırsa, eyni zamanda, müxtəlif bəhanələrlə danışıqlardan yayınması müşahidə olunursa, birdəfəlik danışıqlardan imtina etsinlər. Biz də artıq biləcəyik necə hərəkət etmək lazımdır".

Təhməz Təkin
Milli.Az