Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

6 İyun 2020 08:01

"Canalys" şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq buna səbəb kimi dünyanın əksər regionlarında pandemiya və mürəkkəb iqtisadi vəziyyəti göstərir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qiymətləndirməyə görə, ötən il qlobal miqyasda 395,6 milyon fərdi kompüter və planşet satılıb. 2020-ci ildə bazarda 7 faizlik azalma proqnozlaşdırılır: nəticədə tədarük həcmi 367,8 milyon ədədədək azalacaq.

Şirkət ekspertlərinin fikrincə, 2021-ci ildə qlobal sahədə vəziyyət cari ildəki səviyyədə olaraq qalacaq. Artım yalnız tədarük həcmində 2 faiz artımın proqnozlaşdırıldığı 2022-ci ildə bərpa olunacaq.

Koronavirusun yayılması əksər şirkətlərin əməkdaşlarının distansiyalı işə, tələbə və məktəblilərin isə məsafəli tədrisə keçməsinə səbəb olub. Bu isə öz növbəsində noutbuklara qısamüddətli tələbatı artırıb. Lakin 2020-ci ilin yekunları üzrə fərdi kompüterlər bazarında ümumilikdə azalma gözlənilir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 6,5 milyona çatıb, 380 mindən çox xəstə isə həyatını itirib.

Milli.Az