Xüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması əvvəlki həyat tərzinə qayıtmaq demək deyil

3 İyun 2020 22:35

Koronavirus yüksək yoluxuculuq və insanlar arasında sürətli yayılma qabiliyyətinə malikdir. Yaşlı nəsil və yanaşı xəstəlikləri olan insanlar üçün daha təhlükəli ola bilər. Çünki həmin şəxslərin ağciyəri daha tez sıradan çıxır. Mən də bir tibb işçisi kimi koronavirusla mübarizə aparan həkimlərin cərgəsinə qoşulmuşam. Mayın 1-dən 15-dək Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxan xəstələrin müalicəsində yaxından iştirak etmişəm. O zaman müşahidə etdim ki, virusa yoluxan və yanaşı xəstəlikləri olan insanların tənəffüs-ağciyər keçidində problemlər yaranır. Bəzən həmin şəxslərin qanlarında oksigenin parsial təzyiqini qaldırmaq üçün oksigen maskalarından istifadə olunurdu. Əgər oksigen saturasiyası yüksəlmirdisə, reanimatoloqlar tərəfindən qiymətləndirilib ehtiyac yaranarsa, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülür və intubasiya olunurdular. Həmin şəxslərdə xəstəliyin gedişi digər yoluxanlara nisbətən daha ağırgedişli olur. Ona görə də vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tövsiyələrinə, sanitar-gigiyenik normalara, sosial-məsafə şərtlərinə, tibbi maska istifadəsi ilə bağlı qaydalara əməl etmələrini tövsiyə edirəm. Bəzi vətəndaşlar assimptomatik virus daşıyıcılarıdırlar. Həmin şəxslərdə əlamətlər nəzərə çarpmır və onlar digər vətəndaşlar üçün daha təhlükəlidirlər. Ona görə də qoyulan tələblərə riayət etməklə həmin şəxslərdən virusa yoluxmaq və onu özümüzlə evə daşımaq riskini azaltmış oluruq.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyib.

"Koronavirusa yoluxmuş xəstələrin 80 faizdən çoxu sağalır. Onların həyat fəaliyyəti və əmək qabiliyyəti bərpa olunur. 1-2 faiz hallarda isə ağırlaşma və ölüm halları qeydə alınır. Bu da daha çox yaşlı nəsil və yanaşı xəstəlikləri olanlar arasında qeydə alınır.

Müalicə TƏBİB-in hazırladığı protokola əsasən bilavasitə infeksionist həkimlər tərəfindən aparılır. İnfeksionist-həkimlərin nəzarəti altında xəstələrin həyati göstəricilərinə uyğun təyinatlar verilir.

Tibb işçiləri xəstəliklə mübarizədə ön cəbhədədirlər. Xüsusi qoruyucu kombinezonda, eynəkdə 8 saat dayanmadan işləmək olduqca çətindir. Mən bir daha bunun şahidi oldum. Elə həkimlər, tibb personalı var ki, aylarla öz ailələrini, yaxınlarını, övladlarını görə bilmirlər. Vətəndaşlarımız həkimlərin çəkdiyi əziyyəti də düşünsələr, çox yaxşı olar.

Mən 15 gün müddətində cərrah olaraq fəaliyyət göstərirdim. COVID-19-a yoluxan xəstədə hər hansı bir cərrahi ağırlaşma olardısa, biz hər zaman onların aradan qaldırılması üçün hazır olmalı idik.

Klinikanın müəllimləri, bu sahə üzrə həkimləri, o cümlədən TƏBİB-in digər tibb müəssisələrindən dəvət olunmuş tibb işçiləri də bilavasitə bu mübarizədə aktiv iştirak edir, öz vəzifələrini fədakarcasına yerinə yetirirlər. Öz həyatlarını təhlükəyə ataraq bu gözə görünməyən düşmənlə mübarizə aparırlar.

Doğrudur, görülən tədbirlər və həkimlərin əzmkar mübarizəsi nəticəsində sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Lakin çox təəssüf ki, vətəndaşların məsuliyyətsizliyi günbəgün artan yoluxma göstəricilərində açıq-aydın əks olunur. Onları hər bir xəstə üçün sonadək aparılan mübarizəni, saatlarla dayanmadan işləyən tibb işçilərinin əməyini, görülən bu qədər işləri hədər etməməyə səsləyirəm. Xüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması əvvəlki həyat tərzinə qayıtmaq demək deyil. Bir müddət özümüzün, yaxınlarımızın sağlamlığını düşünməliyik, tövsiyələrə əməl etməli, tibbi maska taxmalıyıq. Sanitar-gigiyenik normalara əməl etməyi həyat tərzimizə çevirməliyik.

Bir daha vətəndaşları verilən tövsiyələrə əməl etməyə və yoluxmanın sürətli şəkildə artmasına səbəb olmamağa çağırıram", - deyə A.Hümmətov qeyd edib.

Milli.Az