Dondurma deyərək yediyimiz kimyəvi maddələr - Təhlükə sezonu başladı - VİDEO

3 İyun 2020 17:44

Yayın gəlməsi ilə dondurma istehsal edən müəssisələrin fəaliyətində aktivlik müşahidə olunur. Bu da isti yay günlərində dondurmaya olan tələbatın artması ilə əlaqədardır. Amma ənənəvi olaraq, hər il hər bir müştəridə hansı dondurma daha yaxşıdır, hansı dondurma daha kefiyyətlidir kimi sualları yaranır.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Dondurma alarkən, nəyə diqqət edirsiniz?

Sakin: "Əsasən onun şirinliyinə və soyuqluğuna diqqət edirik".

Sakin: "Keyfiyyətinə və qiymətinə. Orta qiymətə olanı alırıq, lap ucuzlar da pis, keyfiyyətsiz olur".

Eyyub Hüseynov - AİB-in sədri: "Alıcılar alan zaman birinci etketinə baxsınlar əgər bükülmüş dondurmadırsa, əgər əzilibsə, o deməkdir ki, nə vaxtsa o uzaq yoldan gələndə istilik təsirinə məruz qalıb. Əridikdən sonra onu təzədən  dondurublar".

Həkimlərin sözlərinə görə, bu cür dondurmaları yemək təhlükəlidir. Yenidən dondurulma həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır.

Mətanət Cəfərova - Terapevt: "Bu zaman xəstələrdə, həmin dondurmaları qəbul edən insanlarda ürəkbulanma, qusma, başgicəllənmə, ishal, təzyiqin aşağı düşməsi, ürəkdöyünmənin artması kimi halları baş verə bilər. Yəni yüngül mədə bağırsaq zəhərlənməsindən tutmuş, ən ağır hallara qədər gətirib çıxara bilər".

Aytən İsmayılzadə - Pediatr: "Dondurmanın istehsalında müxtəlif rəngləndiricilərdən, dadlandırıcılardan da istifadə olunur və bunlar da süni maddələr hesab olunur. Süni madədlərin də özlərinə qarşı bədənin kəskin reaksiyası ola bilər. Ona görə də çalışmaq lazımdır ki, daha çox süni boyayıcı maddəsi olmayan dondurmaya müraciət edək".

Standartlara görə dondurmanın yağlılığını artırmaq üçün onun tərkibinə yalnız kərə yağı qarışdırmaq olar. Əgər dondurma boğaza acılıq verərsə, deməli onun tərkibinə marqarin və ya bitki yağları qarışdırılıb.

Rəna Xasayeva - Texnoloq: "Bəziləri dondurmaya GMO vururlar. İnsan orqanizminə ziyanlı maddələr, palma yağları da daxil edirlər. İndi dondurmaların üzərində tərkibi qeyd edilib. O tərkiblə tanış olduqdan sonra alıb yeyə bilərlər".

Eyni zamanda mütəxəssislər günəş şüaları altında satılan dondurmaları almamağı məsləhət görür. Əgər vətəndaşların dondurmalarla bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla AQTA-nın 1003 qaynar xəttinə məlumat vermək tövsiyyə olunur.

Milli.Az