"Bu proqram Azərbaycanda kredit qabiliyyətliliyinin inkişafına təkan verəcək"

3 İyun 2020 14:04

"İyunun 1-də videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Maliyyə Naziri Samir Şərifov, Asiya İnkişaf Bankının prezidenti və digər rəhbər nümayəndələri iştirak edirdi. Burada bu günə qədər görülən əməkdaşlıqlar, bu günə qədər görülən işlər və bundan sonra görüləcək və əsas prioritet hesab olunacaq sahələr barəsində müzakirlər oldu".

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli deyib.

O, Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərliyi ilə son görüşünü ölkədə bir neçə prioritet sahələrin inkişafı yönündə atılan önəmli addım kimi dəyərləndirib:

"Statistik məlumatlara görə, bu günə qədər Asiya İnkişaf Bankı ümumi hardasa 3 milyarddan çox kredit ayırıb. Bu kredit üzərindən tikinti, yol tikintisi, dəmir yolu tikintisi, elektrik enerjisi, maliyyə sektoruna yarılan investisiyalardır, su və kanalizasiya xətlərinin infrastruktur layihələrinin dəyişikliyi ilə bağlı olan layihələr həyata keçirilib. Təbii ki, bundan sonra nəzərdə tutulan bir neçə prioritet sahələr var ki, bu prioritet sahələr üzərində işləmək daha məqsədə uyğun və məqsədyönlü hesab olunur. Asiya İnkişaf Bankı ilə Azərbaycan dövləti arasında əsas 3 illik və 4 illik strategiyanın müəyyənləşdirilməsi planlaşdırılır:

Prezident İlham Əliyev bu görüş zamanı vurğuladı ki, gələcək üçün nəzərdə tutulması gərəkən və önəmli əməkdaşlığa əsas olacaq layihələrdən biri də alternativ enerji mənbələri ilə bağlı olan, onların tikintisi, onların istifadəsi, enerji miqdarının artırılması, eyni zamanda dəmir yolu xətlərinin tikintisi ilə bağlı olan layihələrdir. Birbaşa olaraq hətta Asiya İnkişaf Bankının rəhbəri də bunu təsdiqlədi ki, yəni, bu layihələr bizim də marağımızda olan layihələrdir".

İqtisadçı-ekspert Asiya İnkişaf Bankı ilə bu əməkdaşlığı gələcəkdə görüləcək böyük işlər üçün əsas fundament, bünövrə hesab edib:

"İqtisadiyyatın diversifikasiyası üzərindən qeyri-neft sektoru sahəsində aparılan işlərin, eyni zamanda veriləcək qərarların, iqtisadiyyatımızın diversifikasiyası və əsas rol oynayan müxtəlif geniş sahələrin təşviq olunması, onların inkişafının təşviq olunması ilə bağlı qarşılıqlı bir anlaşma oldu. Bu, gələcəkdə görüləcək böyük işlər üçün əsas fundament, bünövrə sayılır. Bu baxımdan Asiya İnkişaf Bankının "Dayanıqlı inkişaflılıq" proqramına əsasən bu proqram çərçivəsində xüsusən də Azərbaycanda kredit qabiliyyətliliyinin, eyni zamanda müəsissələrin kredit qabiliyyətliliyinin artırılmasına, orta biznesin inkişafına, istehsalın inkişafına təkan vermiş olacaq. Ümumilikdə əsas məqsəd burada nədir?! Xarici borcun ümumdaxili məhsula olan nisbətinin azalma dərəcəsini göz önündə tutmaqdır. Bu da bizim dövlətimizin ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlər, müxtəlif sektorlar üzrə fəaliyyət göstərən yerli müəssisələr üçün də əslində bir təşviqat layihələridir. Bu layhələr, bu əməkdaşlıq, bu investisiyalar üzərindən ölkə daxilində qeyri-neft sektoru üstündə aparılan işlərin, eyni zamanda verilən qərarların strategiyasının daha da gücləndirlməsinə səbəb olacaq".

Təhməz Təkin
Milli.Az