"Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub

3 İyun 2020 16:14

BMM-nin "Unudulmayanlar" layihəsi çərçivəsində növbəti onlayn mühazirə Xalq Artisti, muğam operalarında baş rolların mahir ifaçısı Əlövsət Sadıqova həsr olunub. Musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumatı izləyicilərə təqdim edərək diqqətə çatdırıb ki, şöhrətli ifaçılar arasında öz dəsti-xətti olan, ecazkar səsə malik Əliövsət Sadıxovun ifa etdiyi rollar Azərbaycan opera sənətində xüsusi yer tutur. O, "Koroğlu"da Eyvaz, "Leyli və Məcnun"da Məcnun, Aşıq Qərib, Şah İsmayıl obrazlarını böyük ustalıqla oynamışdır.

Üzeyir bəyin klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutub. Unudulmaz opera ifaçısı, müğənni Əlövsət Sadıqovdan xoş xatirələrlə bərabər, həm də oxuduğu xalq mahnılarınm, muğamların radio lent yazıları yadigar qalıb. Sənətsevərlər onun səhnə fəaliyyətini ehtiramla xatırlayırlar. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.

17 noyabr 1970-ci ildə  vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

Milli.Az